Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda mobil vergi ödənişi reallaşır
Azərbaycanda bütün vergilər mobil telefonlarla ödənilə bilər. Bu istiqamətdə Vergilər Nazirliyi mobil operatorlarla müzakirələr aparır. Bu barədə açıqlamanı vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə məsələ demək olar ki, həll edilib və xidmətin tətbiqi ilə bağlı qarşı tərəflə razılıq əldə olunub.
Bundan başqa Sahib Ələkbərov nazirlik tərəfindən dövlət rüsumlarının ödənişinin internet üzərindən qəbul edilməsində də problem olmadığını və yaxın vaxtlarda bu işlərin də həyata keçiriləcəyini bildirib. O, daha sonra əlavə edərək bildirib ki, iki ay ərzində bu xidmətin tətbiqi tam reallaşacaq.
Elektron xidmətləri daha da genişləndirən Vergilər Nazirliyi 2012-ci ildə əsas prioritetlərdən biri kimi nağdsız ödənişlərin stimullaşdırılması işini qarşıya məqsəd qoyub.
Qeyd edək ki, vergilərin mobil telefonlar və internet üzərindən ödənişi Avropa ölkələrində geniş şəkildə yayılıb. Bu xidmətin tətbiqinin şəffaflığın artırılması, korrupsiya hallarının aradan qaldırılmasında müstəsna rolu var və bu, təcrübədə artıq özünü göstərib.
24/02/12 Çap et