Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ermənilərə qarşı antitəbliğatın aparılması işində internetin xüsusi rolu var
Bu gün Mətbuat Şurası və “Kaspi” qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Erməni təcavüzü: ötən əsrdə və bu gün” elmi-praktik konfransı keçirilib.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla xatırlanıb. Tədbiri giriş sözü ilə açan “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli konfransın maarifləndirici xarakter daşıdığı barədə məlumat verib. O, Xocalı soyqırımına və ümumilikdə təcavüz faktına kompleks şəkildə yanaşmağın zəruriliyini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə erməni təcavüzünün kökündə XIX əsrdə ermənilərin Azərbaycana köçürülmə siyasətinin dayandığını qeyd edib. Azərbaycan mətbuatının ictimai rəyin formalaşdırılması və beynəlxalq aləmin məlumatlandırılmasında rolundan danışıb.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.e.d Solmaz Tohidi və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məruzə ilə çıxış edərək erməni təcavüzünün tarixi və sosial-psixoloji aspektləri barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan hökuməti tərəfindən, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada aparılan təbliğat işlərinin beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından zəruriliyi məsələsinə toxunublar.
Konfransda çıxış edən məruzəçilər ermənilərə qarşı antitəbliğatın aparılması işində internetdən geniş şəkildə istifadə olunmasının xüsusilə önəmli olduğunu bildiriblər.
CAHANGİR
24/02/12 Çap et