Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəhid və şahid XOCALI


20 İLDİR UNUTMURUQ
 
Əsrlər boyu müstəqilliyinin, azadlığının müdafiəsinə qalxan xalqların tarixinə qanları hesabına şərəflə yazdıqları səhifələrlə yanaşı, düşmənlərinin alçaq niyyətlərinə tuş gələn ömürlük matəm səhifələri də düşür. 1992-ci ildən etibarən Azərbaycan da hər ilin fevralını dərin hüznlə, milli matəm içərisində qarşılayır.

XX əsrin görünməmiş faciəsi  

Tarix yaxın qonşu sayılan ermənilərin ölkəmizə qarşı əsl simalarını hər zaman ortaya qoyub. Azərbaycana qarşı daim əsassız iddiaları ilə ortaya atılan ermənilər 1988-ci ildə yenidən  nifrət alovu püskürdülər.

Dağlıq Qarabağ münaqişəsi ilə başlayan bu çirkin siyasətin ən acı nöqtəsi isə Azərbaycanın ən qədim insan məskənlərindən olan Xocalıda qoyuldu. Qərinələrin faciəsi kimi yaddaşlarda yaşayan bu müsibət XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xankəndi  şəhərindən 14 km şimal-şərqdə yerləşən Xocalıda 1992-ci ilin qanlı tarixinə qədər 7 min insan yaşayırdı. Bura 1988-ci ilin məlum hadisələri dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınan xeyli azərbaycanlının və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin vətəni idi. O vətən ki, bir gecənin içində tarixin qanlı səhifəsinə çevrildi...
 
Xocalıların harayına səs verən olmadı...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücuma keçdi. Əvvəlcə dörd yandan erməni qoşunları tərəfindən əhatə olunan şəhərə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılır. Az bir vaxt ərzində baş verən yanğın bütün şəhəri alova bürüyür. Ermənilərin amansız qətliamı fevralın 26-sı səhər saat 5-ə kimi şəhərin işğalçılar tərəfindən zəbti ilə başa çatır. Bir gecənin içində Xocalı yerlə-yeksan edilir...

Həmin günlərin canlı şahidi olan, Xocalıda bir zamanlar poçtalyon kimi çalışan Əsli Məmmədovanı biz də unuda bilməyəcəyi ağır, acı təəssüratlara yenidən qaytardıq: "3 ildir ki, mühasirədəydik. Bu hücumu hər an gözləyirdik.

Teleqraf vasitəsilə Bakıya, hər yana çar çəkirdik. Həmin vaxt teleqrafda bacım qızı Gülbaharla yanaşı, Dürdanə və Brilyant adlı xanımlar da işləyirdi. Yoldaşım Məmmədov Teymur da rabitə ustası kimi çalışırdı". Əsli ananın sözlərinə görə, rabitənin fasiləsiz fəaliyyəti üçün həmin illərdə camaatın da rabitəçilərə böyük köməyi olub: " Biz düz 3 il səsimizi hər yana çatdırmağa calışsaq da, ünümüz heç yana yetmədi, nəticəsiz qaldı. 

Fevralın 25-dən 26-na keçən gecə ermənilər öz mənfur niyyətlərini həyata keçirməyə nail oldular. Gündüz saatlarından ermənilər hərbi maşınlarını artıq Xocalının ətrafına yığmışdılar. Biz bunu görüb yenə Bakıya, əlimiz çatan, ünümüz yetən hər yerə xəbər verdik, amma bizə hökumətdən, kimsədən kömək olmadı.

Müdafiəsiz qalan insanlar şəhəri tərk etməyə məcbur olaraq, dağlara, meşələrə qaçır. Amma dinc əhalini hər tərəfdə yaxşı qurulmuş plan əsasında əlisilahlı ermənilərin güllələri qarşılayır. Cəhdlər mənasız idi. Soyuq, qarlı fevral gecəsində kimsə bu qəddar, amansız divandan yayına bilmədi - nə qoca, nə qız-gəlin, nə də məsum körpələr...
 
"Bütün ailəmi məhv etdilər"

Azğın, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülür, 487 nəfər şikəst edilir, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalır. 150 nəfər insanın taleyi isə bu gün də müəmmadır. İyrənc siyasətin qurbanları, soyqırıma məruz qalaraq öldürülən insanların 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca insanlardır.

Bu faciədə 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Diri-diri yandırılan, başları kəsilən, üzlərinin dərisi soyulanlarla yanaşı, körpə uşaqların gözləri çıxarılır, süngü ilə hamilə qadınların qarınları yarılır. Mənfurlar hətta meyitlərin təhqirindən də zövq aldıqlarını tarixə bir daha sübut edirlər…

O qanlı gündə ana balanı, qardaş qardaşı itirdi: "O faciədə mənim 28 şəhidim oldu. 28 şəhiddən 16-sı ən yaxınlarımdır. Yeznəm, nəvəm, balaları ilə birlikdə iki bacım, iki qardaşım şəhid oldu. Üç oğlu və mühəndis işləyən yoldaşı ilə bərabər şəhid olan, müəllimə işləyən bacımın bir qolunu da tapmadım. Bu gün mənim 28 şəhiddən təkcə iki məzarım var - bu da yeznəmlə nəvəmin qəbridir. Onların meyitlərini də yeznəmin əmisi uşaqlarının yaşadığı Ağcabədinın Şotlanlı kəndinə aparıb dəfn etdik".
 
"Xocalı həm şəhid oldu, həm şahid oldu"

Əsli ana onu Xocalıdan ayıran illərin ağrısı ilə yaşayır: " Xocalı həm şəhid oldu, həm şahid oldu. Bu gün o faciədən qalanlarımız - hamımız bu iyrənc oyuna, qanlı faciəyə şahidik. Bu, tarixdə görünməmiş faciədir. Amma bu faciəni bütün dünya görə-görə susmaqda davam edir.

Fransa 100 il əvvəldən yurdları-yuvaları, tarixi kökü olmayan, törəmə ermənilərin soyqırım davasını ortaya atmağa başlayıb. Ermənilər tarix boyu bizdən qidalandılar, bizdən savadlandılar. Çörəyimizi yeyirdilər, işimizi görürdülər, onları biz pullandırırdıq, amma kənarda bizə yenə də tələ qururdular".
 
"Onlara o qədər çörək vermişəm ki..."
 
Əsli ana xatırlayır ki, faciəyə qədər bütün şəhər əhalisi vəziyyətin ağırlığına baxmayaraq, mətanətlərini, dözümlərini itirməməyə çalışırdılar. Xocalının son günlərinə qədər poçtalyon kimi çalışan Əsli ana da hər kəs kimi, şəhərin köməyinə gələn müdafiəçilərin anasına çevrilir: "Əvvəllər sovet dövründə SSRİ-nin müxtəlif yerlərində hərbi xidmətdə olan azərbaycanlılardan evlərə məktub daşıyardım. 1992-ci ildə gələn məktublar isə ancaq idarələrdən, nazirliklərdən idi. Uşaqlar öz torpaqlarımızın müdafiəsinə qalxandan daha şəxsi məktublar da yox idi. Torpaqlarımızda düşmənə qarşı vuruşan döyüşçülərimizə də nə məktub, nə də bağlama gəlirdi".
 
"Xocalı rabitəçisi kimi həm maddi, həm də mənəvi dəstək görürəm"
 
Bu gün Xocalı rabitəçiləri kimi, şəhərin digər sakinləri də həm maddi, həm də mənəvi dəstəklə əhatə olunublar: "Xocalıda elə bir insan yoxdur ki, ona bu faciədən zərbə dəyməsin. Qalan xocalılar da Azərbaycanın hər yanına səpələniblər. Bakıda Qızılqumda, Mərdəkanda məskunlaşıblar. Vaxtilə Naftalanda olanları sonradan Goranboya yığdılar. Mən isə 1992-ci ildən Bakıda məskunlaşmışam. Yoldaşım 51 il rabitə sahəsində müxtəlif  işlərdə - xəzinədar, poçt rəisi kimi çalışıb.

Mən isə poçtalyon kimi 30 il çalışmışam. Nazir Əli Abbasovdan çox razıyıq. Alicənab, işçilərinin halına yanan insandır. Ümumiyyətlə, rabitənin kollektivi çox yaxşıdır. Hər il bizi qəbul edir, problemlərimizlə yaxından tanış olurlar. Onlar bizə həm maddi, həm də mənəvi dayaqdırlar. Ötən il yoldaşımı müalicəyə də göndərdilər. Amma ev qayğım var.

35 kvadratmetr sahədə üç ailəni yerləşdirirəm. 31 yaşlı oğlum ev yoxdur deyə, hələ də subaydır. Bu evdə yoldaşımla məndən başqa, böyük oğlum oğlu ilə, ortancıl oğlum iki qızı və yoldaşı ilə yaşayır. Hazırda Qarabağ küçəsi- 24 ünvanında qohumumuza məxsus çox qədim evdə qalırıq. Amma inanırıq ki, bu da tezliklə həllini tapar".   
 
"Ümidimiz prezidentimizədir..."
 
Əsli ananın ən böyük ümidi isə torpaqların qayıtmasıdır: "Ümidimiz prezidentimizədir. Onun qoyduğu təməl ilə getsələr, sülh yolu ilə torpaqlarımızı qaytara bilərik. Bir ana kimi buradan səslənirəm: bu qədər gözəl qızlarımız, oğlanlarımız dünyaya gəlib, boya-başa çatıblar. İstəmərəm onlar müharibədə həlak olsunlar.

Müharibə ölüm-itim, aclıq deməkdir. Bu elan olunmamış, qeyri-qanuni müharibə çox evlərimizi yıxdı. Daha müharibə olmadan torpaqlarımızı geri alaq. İnanıram ki, prezidentimizin iradəsi ilə buna nail olacağıq".
Bu gün Azərbaycanda torpaqların qaytarılması üçün aparılan siyasi danışıqlarla yanaşı, baş verən faciələrimizə dünya miqyasında lazımi siyasi qiymətin verilməsi üçün də işlər aparılır.

Xocalı faciəsinə gəlincə, hələ 1994-cü ilin 1 martında həmin illərdə Azərbaycanın prezidenti Heydər Əliyev xüsusi Fərman verib. Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" da mərhum prezident Heydər Əliyev tərəfindən Fərman verilib.

Beləliklə, hər il 26 fevralda ölkə başçısının Xocalı soyqırımı ilə əlaqədar xalqa müraciətinin əsası qoyulur. İşlər bu gün də davam etdirilir. Artıq Xocalı faciəsinə Beynəlxalq Hərbi Tribunalda hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə xüsusi istintaq qrupu yaradılıb. Əsas məqsəd törədilən soyqırım hadisələri və cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaqdır.

Cinayətlərdə əli olan bütün şəxsləri müəyyənləşdirən istintaqın yaxın zamanlarda yekunlaşdırılacağı və məsələnin Beynəlxalq Hərbi Tribunala çıxarılacağı gözlənilir.
Bəlkə bundan sonra Xocalı şəhidlərinin ruhunun şad olacağını, Xocalı şahidlərinin, eləcə də bütün Azərbaycanın bu acılardan qismən, cüzi də olsa, rahatlıq tapacağını düşünmək olar... 

Həqiqət İSABALAYEVA





25/02/12    Çap et