Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT-nin demokratikləşməyə müsbət təsirləri
Bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ölkənin daha da demokratikləşməsinə müsbət təsir göstərir. Bu gün bəşəriyyətin hədəflərindən olan söz azadlığı bu sahədə də özünü büruzə verir və insanlar internet üzərindən də öz hüquqlarının təmin olunmasına çalışırlar.
Azərbaycan da demokratik ölkə kimi vətəndaşlarına sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bütün imkanları yaradıb. Hazırda hər bir azərbaycanlı İKT-dən maneəsiz istifadə etməklə internet üzərindən informasiya alır, lazım olan məlumatları toplayır, onları məhdudiyyətsiz paylaşır, eyni zamanda informasiya portallarına azad şəkildə şərhlərini yaza bilir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "İCTnews" elektron xəbər xidmətinə verdiyi geniş müsahibəsində ölkənin demokratikləşməsində İKT-nin roluna toxunaraq deyib ki, qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi ilə geniş vüsət aldığı dövrdə dünyada, o cümlədən də Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə olunmasıdır.
Ə.Abbasovun sözlərinə görə, müasir texnologiyaların, internetin Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının beynəlxalq aləmdə təbliği, ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının həmrəyliyi ideyalarının yayılmasında rolu böyükdür: «İctimai fikrə təsir imkanları baxımından televiziya və radio ilə yanaşı, müasir dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir».
Nazir Əli Abbasov bildirib ki, bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan fəal iştirak edir.
İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı, televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaradıb: «Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır.
Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. Bu gün fərəhlə deyə bilərik ki, bütün dünyada olduğu kimi, İKT-nin cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana çəkilib».
İKT-nin ölkənin demokratikləşməsində rolu barəsində qəzetimizə açıqlama verən Milli Məclisin üzvü, deputat Fuad Muradov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan bu günə qədər informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi ölkənin əsas pioritetlərindən biri olub. «Bununla bağlı cənab prezident İlham Əliyevin xüsusi tapşırıqları var.
Eyni zamanda ölkənin sürətli internetlə təmin olunması, Azərbaycanda internet resurslarının yaradılması, təhlükəsiz internetlə bağlı ciddi addımlar atılıb. Biz bu məsələləri Milli Məclisdə də dəfələrlə müzakirə etmişik» - deyən deputat hesab edir ki, indiki şəraitdə dünyada hər hansı bir informasiyanı gizlətmək mümkün deyil və buna heç ehtiyac da yoxdur: «Bu gün insan haqları, demokratiya ən ümdə məsələlərdəndir.
Azərbaycan da bununla bağlı çox ciddi addımlar atıb. Üstəlik, Azərbaycanda internet istifadəçiləri heç bir maneə ilə üzləşmirlər. İstənilən adam gedib domen qeydiyyatdan keçirə, sayt aça bilər. Bundan başqa Azərbaycan vətəndaşları İKT sahəsində sahibkarlıqla məşğul ola bilər. Mobil telefon rabitəsi və onların vasitəsi ilə internetə girmək Azərbaycanda olduqca inkişaf edib. Bundan başqa, öz peykimiz də orbitə buraxılacaq.
Yəni bunların hamısı bir istiqamətə yönəldilib ki, Azərbaycanda bu gün gedən islahatlar həm də virtual dünyada da adekvat olaraq buna hazır olmalıdır. Bu gün mən bunu təkcə demokratikləşmə ilə bağlamıram. Ümumiyyətlə, Azərbaycanın hazırda strategiyası var. Bu strategiya da ondan ibarətdir ki, “Elektron hökumət”in qurulması ilə bütün informasiyalar yayılsın, siyasi təhlillər İKT vasitəsi ilə cəmiyyətə çatdırılsın.
Bu kimi məsələlərdə də Azərbaycan irəlidədir. Biz ölkəmizi regiondakı dövlətlərlə müqayisə etsək, görərik ki, hazırda İKT sektoru Azərbaycanda daha çox inkişaf edib. Ötən il biz büdcəni müzakirə edəndə İKT sahəsində rüsumların aşağı salındığını da gördük. Orada bunların hələ daha da azaldılması kimi fikirlər də səsləndirildi. Yəni bütün bu istiqamətlərin əsas hədəfi var».
Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulayan F.Muradovun sözlərinə görə, buna görə də informasiya mübarizəsi aparmaq üçün təbii olaraq yeni texnologiyalardan, İKT-nin verdiyi üstünlüklərdən istifadə edilməlidir: «Ona görə hesab edirəm ki, demokratikləşmə Azərbaycanın şüurlu seçimidir. Ölkə rəhbərliyi də bu istiqamətdə bütün lazımi addımları atır.
Eyni zamanda cəmiyyətimizdə də bir çox məsələlərdə informasiya-kommunikasiya texnologiyalarının geniş imkanlarından istifadə olunur. “Təbii ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çox fəal şəkildə İKT-nin inkişafı ilə məşğuldur və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Mən deyərdim ki, İKT sektoru bu gün Azərbaycanda ən çox inkişaf etmiş sektorlardan biridir. Təbii ki, burda cənab prezident İlham Əliyevin və onun siyasətini həyata keçirən RİTN-in böyük xidmətləri vardır».
Məsələ ilə bağlı açıqlama verən müstəqil politoloq Cümşüd Nuriyev də deyib ki, son illərdə Azərbaycanın İKT sahəsində böyük bir inqilab olub. Önun sözlərinə görə, ölkədə həm internet istifadəçilərinin, həm provayderlərin sayı artıb, həm də xidmət keyfiyyəti yüksəlib. «Azərbaycan bir növ dünyaya açılıb.
Burada xüsusilə gənclər müstəsna rol oynayır və bir də təbii ki, Azərbaycanın elektron kütləvi informasiya vasitələri - onlayn qəzetlər, informasiya portalları və müxtəlif saytlar əhəmiyyətli işlər görürlər. Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bunun əvəzedilməz üstünlükləri var» - deyən politoloqun sözlərinə görə, Azərbaycan hər cür texnologiyalara yiyələnmə qabiliyyətini ortaya qoya bilib.
Hazırda dünyada çap informasiya vasitələrindən daha çox, sosial şəbəkələrin həlledici rol oynadığını önə çəkən C.Nuriyev qəzetlərin artıq gündəmdən çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını deyib. Onun sözlərinə görə, artıq insanlar informasiyanı qəzetlərdən deyil, evində oturaraq informasiya portallarından alırlar: «Azərbaycanda da aparıcı qəzetlər informasiyaların hamısını öz saytlarına yerləşdirirlər.
Bundan başqa, ölkədə fəaliyyət göstərən müxtəlif informasiya portalları ilə də məlumatları əldə etmək mümkündür. Bu, Azərbaycanda nəyi dəyişdirir? Əvvəla, Azərbaycanda bir virtual mədəniyyət formalaşır. Çünki dünya ilə əlaqəyə girmək üçün ümumi sözlər bir rol oynamır. Yəni ən azı bu və ya digər formada informasiyaların ötürülməsi və yaxud da qəbul olunması sahəsində təcrübə formalaşır. Bundan başqa, ölkədə çox dil bilənlərin sayı sürətlə artır. Çünki texnologiyanın inkişafı ilə bağlı, müxtəlif sözlər meydana gəlir və həmin sözlər başqa dillərdən götürülür».
Azərbaycanda sosial şəbəkələrin demokratik ruhun inkişafına çox ciddi təsir göstərdiyini deyən politoloqun qənaətincə, insanların informasiya portallarında gedən hər məqaləyə sərbəst olaraq fikirlərini qeyd etməsi də onların azad düşüncəli olmasından xəbər verir: «Azərbaycan insanı sərbəst, demokratik şəkildə məlumatlara həm rəğbətini, həm də tənqidi fikirlərini bildirə bilir. Yəni bu gün Azərbaycan hökuməti öz vətəndaşına demokratik bir mühit yaradıb. İnsanların öz fikrini ifadə etmək üçün hər cür imkanları var. Bu da insanları stresdən xilas edir.
Çünki bəzən insan deyə bilmədiklərini bir çox hallarda virtual məkanda söyləyə bilir. Lakin mən hesab edirəm ki, bu irəliləyişlərlə bərabər, onun ciddi problemləri də ola bilər. Çünki Azərbaycan bu müstəvidə yeni fəaliyyətə başlayıb. Müxtəlif saytlarda yerləşdirilmiş əxlaqa zidd videolar gənclərin formalaşmasına və tərbiyəsinə mənfi təsirlər göstərə bilir».
Ölkədə “Elektron hökumət”in formalaşdırılması istiqamətində çox ciddi işlər görüldüyünü önə çəkən C.Nuriyev əlavə edib ki, bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr olduqca əhəmiyyətlidir: «RİTN həm rabitə sahəsində, həm də digər qurumlarda “Elektron hökumət”in formalaşmasında bilavasitə iştirak edir. İnsan inkişafı indeksi»nin parametrlərindən biri də insanlara sərbəst şəraitin yaradılması və sosial şəbəkələrin xidməti məsələsidir. B
u sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rolu olduqca müsbətdir və hətta mən deyərdim ki, əvəzolunmazdır. Azərbaycanda həm internetin qiyməti dəfələrlə aşağı salınıb, həm də keyfiyyəti yaxşılaşdırılıb. Bundan başqa, nazirliyin texniki bazası da səriştəli və istedadlı rəhbərlik altında çox sürətlə təzələndi.
Azərbaycanda demək olar ki, bütün telefon qovşaqlarının hamısı müasirləşib. Yəni RİTN Azərbaycan dövlətinə və millətinə ləyaqətlə xidmət edən 1-ci beşliyə düşən nazirliklərdən biridir».
C.Nuriyevin qənaətincə, hökumətin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsində “Elektron hökumət”in yaradılmasının da müstəsna əhəmiyyəti olacaq.
Seymur Qasımbəyli
25/02/12 Çap et