Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də Xocalı qurbanlarının xatirəsi anılmışdır
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı qurbanlarının ruhu birdəqiqəlik sükutla yad edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Nazir ümummilli lider Heydər Əliyevin təkidi və təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırımı kimi qiymətləndirildiyini vurğulamış, ölkə Prezidentinin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətini diqqətə çatdırmışdır.
"Bu gün Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və ardıcıl iş aparır.
Bütün bunların nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "insanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Eyni zamanda, Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir ".
Nazir faciənin 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işlərinin aparıldığını, "Xocalıya ədalət" şüarı ilə silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin soyqırımı kimi tanınması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər barədə danışmışlar. Xocalı rabitəçiləri Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuş soyqırım və onun acı nəticələri barədə danışmış, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirmişlər.
Sonda nazir Ə.Abbasov Xocalıdan olan rabitə işçiləri ilə görüşmüş, problemləri ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
25/02/12 Çap et