Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərin göstərilməsinə keçidlə bağlı işlər sürətləndiriləcək


Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) elektron xidmətlərin göstərilməsinə keçidlə bağlı işlər daha da sürətləndiriləcək. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurlar və sənədləşdirilmələrin diqqətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması nəzarətdə saxlanılacaq.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Q.Xəlilov bildirib ki, bu  işlərlə yanaşı, ötən il daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər də həyata keçirilib.

Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib: ”2011-ci ildə dövlət mülkiyyətində olan 5745 ədəd daşınmaz əmlak obyekti barədə çöl geodeziya ölçmə işləri aparılıb, koordinatlar müəyyən edilib, sahələr hesablanıb.

Aparılmış çöl geodeziya ölçmə işlərinin nəticələri müəllif nəzarəti qaydasında yoxlanılıb, hər bir daşınmaz əmlak obyekti üzrə kadastr planları tərtib edilib və onlardan çıxarışlar hazırlanıb”. Hesabat dövrü ərzində ölkə ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtibi və onlardan çıxarışların verilməsi istiqamətində də işlər görülüb.

Bundan başqa, ”Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərmanın icrası istiqamətində ölkə daxilində müvafiq işlərin görülməsinə, eləcə də beynəlxalq təcrübələrin araşdırılmasına başlanılıb: ”Əmlak Məsələləri Dövlət Komitəsi və Statens Kartverk - Norveç Xəritəçəkmə Təşkilatı arasında “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” layihəsinin həyata keçirilməsi davam etdirilib. Layihənin ümumi məqsədi fərmana müvafiq olaraq ünvan məlumatlarının daxil edilməsi, saxlanılması və istifadəçilərə yayılması üçün istifadə ediləcək Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılmasıdır”.

Ünvan Reyestrinin İnformasiya Sistemi beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə - Avropa Birliyinin “EURADIN” (European Addresses Infrastructure - Avropa Ünvanlar İnfrastrukturu) layihəsi və “INSPIRE” (İnfrastructure for Spatial Information in the European Community - Avropa Birliyində Məkan Məlumatları İnfrastrukturu) direktivlərinə uyğun layihələndirilib və Texniki Spesifikasiyalar hazırlanıb: ”Həmin Texniki Spesifikasiyalar əsasında “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” üzrə açıq tender elan olunub, açıq tenderin qalibi Koreya Respublikasının “SK C&C Co. LTD” şirkəti ilə müqavilə bağlanıb və tədbirlərin icrasına başlanılıb.

Azərbaycanda ünvan reyestrinin yaradılması nəticəsində ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq, ünvanlar barədə çevik qaydada məlumat almaq mümkün olacaq, daşınmaz əmlaklara ünvan verilməsi, şəhər təsərrüfatlarının və inzibati ərazilərin idarə edilməsi və planlaşdırılması optimallaşdırılacaq”.

Q.Xəlilovun sözlərinə görə, bu kimi elektron xidmətlərin göstərilməsinə keçidlə bağlı işləri sürətləndirən komitə vətəndaşlarla əlaqələrin yüksəlməsinə də diqqət edir: ”Ötən ildə vətəndaşlardan komitənin 193 nömrəli “qaynar telefon xətti”nə 450-yə, rəsmi internet səhifəsi vasitəsi ilə isə 250-yə yaxın onlayn müraciət daxil olub. Daxil olan müraciətlərin qeydiyyata alınaraq operativ cavablandırılması təmin edilib”.
 
HƏQİQƏT





25/02/12    Çap et