Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Seçki Komissiyası “elektron hökumət”lə bağlı bir sıra uğurlu işlər görüb


Azərbaycanda «elektron hökumət»in tətbiqi bütün sahələrdə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə də müsbət təsir göstərib. MSK-nın bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində seçicilərin və namizədlərin işləri asanlaşıb, onların rahatlığı təmin edilib.

MSK katibliyinin müdiri Rövzət Qasımov bildirib ki, ölkədə keçirilən seçkilərlə bağlı yerli və beynəlxalq ictimaiyyətin, müşahidəçilərin, eləcə də digər seçki subyektlərinin məlumatlandırılması, seçki komissiyalarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə seçkilərə dair məlumatların hər kəs üçün açıq olan şəbəkədə yerləşdirilməsi, insanların seçki komissiyalarına istənilən vaxt elektron rabitənin xidmətlərindən istifadə edərək müxtəlif vasitələrlə müraciət etmə imkanının təmin edilməsi istiqamətində hələ 2000-ci ildən etibarən bir sıra addımlar atılıb.

Onun sözlərinə görə, seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 03.09.2000-ci il tarixli sərəncamına əsasən Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sistemi yaradılıb.

R.Qasımov əlavə edib ki, bu sistemə aid tələblər və ondan istifadə qaydaları müəyyən edilib. Bununla yanaşı, sistem daxilində informasiya mübadiləsi və mühafizəsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanları ilə birgə zəruri tədbirlər hazırlanıb və həyata keçirilib: «Habelə, MSK tərəfindən yerli seçki qurumlarında çalışan müvafiq mütəxəssislər üçün mütəmadi treninqlər keçirilir və onların peşə vərdişlərinin daha da təkmilləşməsi üçün digər maarifləndirmə layihələri icra olunur.

Beynəlxalq səviyyədə əməkdaşlıq çərçivəsində prioritet hesab olunan məsələlərdən biri də məhz, seçki prosesində istifadə olunan informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan nailiyyətlərin izlənilməsi, öyrənilməsi və tətbiqidir. Bu istiqamətdə həm beynəlxalq təşkilatlar, həm də xarici qurumlarla sıx əməkdaşlıq edilir. Belə qurumlar sırasında Avropa Şurası, ATƏT, digər ölkələrin seçki strukturları və digər təşkilatları misal göstərmək olar».
 
Seçkilər (referendum) keçirilərkən, o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin yekunları müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında bütövlükdə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadə edildiyini önə çəkən R.Qasımov deyib ki, DAİS ilə əlaqədar MSK tərəfindən müəyyənləşdirilən tələblər və ondan istifadə qaydası mütəmadi olaraq yenilənir.

Onun sözlərinə görə, seçki komissiyalarının həlledici və məşvərətçi səs hüquqlu üzvləri, yerli və beynəlxalq müşahidəçilər və digər səlahiyyətli seçki subyektlərinin DAİS-ə daxil edilən və oradan çıxarılan hər hansı məlumatla tanış olmaq hüququ tam təmin olunur.

R.Qasımov onu da əlavə edib ki, səsvermənin gedişi ərzində seçicilərin fəallığı, səsvermə prosesi yekunlaşdıqdan sonra isə səsvermənin nəticələri və seçkilərin yekunları barədə məlumatların aşağı seçki komissiyaları tərəfindən yuxarı seçki komissiyasına ötürülməsi Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə həyata keçirilir: «MSK seçkilər zamanı informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə sahəsində öz strategiyasını müəyyənləşdirib və bununla bağlı bir sıra layihələr həyata keçirib.

2000-ci ildə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi yaradılıb. Yarandığı vaxtdan etibarən internet səhifəsi seçicilərin və digər seçki subyektlərinin etibarlı məlumat qaynağına çevrilib. Komissiyanın internet vasitəsilə fəaliyyəti əsasən üç istiqamətdə aparılır: Seçkiqabağı işlər; Seçki günü fəaliyyət; Seçkidən sonra. Seçkiqabağı işlər sırasına seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi daxildir. Son illər bu proses daha da təkmilləşdirilib.

Belə ki, məlum olduğu kimi, respublika Prezidentinin göstərişi ilə ölkə ərazisində yerləşən 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması çərçivəsində bütün dairə seçki komissiyaları yeni kompyuter avadanlıqları da daxil olmaqla zəruri informasiya texnologiyası ləvazimatları ilə təchiz olunub. İl ərzində fasiləsiz olaraq seçici siyahıları üzərində iş aparılır, müvafiq qurumlarla əməkdaşlıq şəraitində seçicilərin hərəkət və artım dinamikası izlənilir, seçicilərin məlumat bazasına daxil edilmiş məlumatlar dəqiqləşdirilir.

Bütün bu prosesin reallaşdırılmasında ən mühüm rol məhz DAİS-in üzərinə düşür və yerli komissiyalar sözügedən prosesi həyata keçirərkən məlumatları "Seçkilər" informasiya şəbəkəsi üzərindən MSK-ya ötürür. MSK da öz növbəsində komissiya tərəfindən işlənib hazırlanmış proqram təminatı vasitəsilə bu məlumatları emal edir». 

R.Qasımov vurğulayıb ki, informasiya və kommunikasiya texnologiyalarının xidmətlərindən yararlanaraq seçicilərin öz məlumatlarını daha asanlıqla yoxlaması, dəqiqləşdirməsi və şəffaflığın təminatı məqsədilə respublikanın beş milyona yaxın seçicisinin seçki məntəqələri üzrə siyahısı 2005-ci ildən etibarən MSK-nın rəsmi internet səhifəsinə yerləşdirilib.

Seçki hüququna malik hər bir vətəndaş, əlavə bir vasitə kimi MSK-nın internet səhifəsindən istifadə etməklə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemi vasitəsilə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairənin sayını) dəqiqləşdirə bilər.

Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. «İnternet səhifəsindəki "Adınızı seçici siyahısında axtarın" adlı axtarış sistemi diqqəti daha tez cəlb edən yerdə yerləşdirilərək seçicilərin istifadəsinə verilib ki, bu da seçicilərə öz adlarını siyahılarda yoxlamaq üçün təqdim olunan alternativ kanaldır.

Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi daimi olaraq hər il aparılan proses olduğu üçün internet səhifəsindəki bu axtarış sistemi də daimi olaraq fəaliyyət göstərir. Seçicinin adı siyahıda olmadığı, yaxud məlumatlarında dürüstləşdirilməyə ehtiyac yarandığı halda, komissiyanın elektron poçt ünvanları ilə yanaşı, o, onlayn ərizə formasını dolduraraq da öz adının siyahıya əlavə olunması, habelə yol verilmiş məlumat xətalarının düzəldilməsi ilə bağlı müraciət edə bilir».

Ölkədə keçirilən seçkilərdə namizədlərin irəli sürülməsi, qeydə alınması, bu barədə gündəlik dəyişən məlumatların operativ olaraq MSK-nın internet səhifəsində yerləşdirildiyini və mütəmadi yeniləndiyini önə çəkən R.Qasımov əlavə edib ki, namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, iş yeri, təhsili, ixtisası, partiya mənsubiyyəti, namizədliyinin kim tərəfindən və hansı tarixdə irəli sürülməsi, qeydəalınma tarixi və digər məlumatlar internet səhifəsində yerləşdirilir. Namizədlər haqqında ümumi statistik məlumatlar - imza vərəqələrini götürənlərin, bu vərəqələri qaytaranların, dairə seçki komissiyalarında qeydə alınmış namizədlərin sayı, onların təhsili, ixtisası, yaş qrupları üzrə təsnifatı və s. məlumatlar da internet səhifəsində öz əksini tapır.

Seçicilərin və namizədlərin elektron qaydada MSK-ya müraciət etmək imkanlarının olduğunu vurğulayan R.Qasımov bildirib ki, bunun üçün qurumun rəsmi internet səhifəsində xüsusi "Şikayət və müraciətlər" bölməsi yaradılıb.  

Onun sözlərinə görə, burada seçkiöncəsi və seçkilərdən sonra vətəndaşlar tərəfindən daxil olmuş şikayət və müraciətlərin məzmunu, tarixi, müraciəti araşdıran ekspert qrupu üzvü, onun rəyi və bu barədə MSK-nın qəbul etdiyi qərar operativ olaraq Azərbaycan və ingilis dillərində yerləşdirilir. Müraciət edən vətəndaş heç bir maneə olmadan öz müraciətini internet vasitəsilə izləyə və onun nəticəsi barədə məlumat əldə edə bilər.

Bu vasitə şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın təmin olunması istiqamətində atılmış mühüm addımlardan biridir: «Yeri gəlmişkən bildirək ki, MSK-nın iclas materialları, qəbul edilmiş qərarlar, hüquqi normativ aktlar, mətbuat bülletenləri, seçkilər dövründə seçkilərlə bağlı daxil olmuş müraciətlər, onların araşdırılmasından sonra müraciətin nəticəsi, seçicilərin fəallığı, 500 seçki məntəqəsində yerləşdirilmiş veb-kameralar vasitəsilə səsvermə və sayma prosesinin canlı görüntüləri, seçkilərin ilkin nəticələri, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının yekun protokollarında olan məlumatları əks etdirən cədvəllər və digər məlumatlar dərhal internet səhifəsində yerləşdirilir».

 Seçkilərdən sonra da internet səhifəsinin öz fəaliyyətini müntəzəm davam etdirdiyini vurğulayan R.Qasımov söyləyib ki, seçkilərin rəsmi nəticələri, qalib namizədlər və seçki dairələri üzrə statistik məlumatlar müəyyənləşdirilərək dərhal internet səhifəsində əks olunur: «MSK-nın internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı ictimaiyyət üçün maraq kəsb edən bütün məlumatlar öz əksini tapır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar Komissiyanın iclaslarından dərhal sonra Azərbaycan və ingilis dillərində səhifəyə yerləşdirilir.

Bundan başqa, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, o cümlədən, açıq və qapalı yerlər və digər ictimaiyyət üçün maraq kəsb edən informasiyalar internet səhifəsinə yerləşdirilib.

Bundan başqa, vətəndaşların seçkilərlə bağlı hər hansı müraciətlərini ünvanlaması üçün 2008-ci ildən etibarən MSK-da təşkil olunmuş 115 nömrəli "qaynar xətt" artıq 5 ildir ki, fəaliyyət göstərir. Həmçinin, komissiyanın məsul şəxsləri və şöbələrinin elektron poçt ünvanları və birbaşa onlayn "qaynar xətt"i də seçicilərin ixtiyarındadır. Bütün bu vasitələrlə daxil olmuş müraciətlər dərhal operativ qaydada araşdırılaraq müvafiq tədbirlər görülür».

R.Qasımov onu da bildirib ki, şəffaflığın təminatı üçün əsas vasitələrdən biri də seçki məntəqələrində quraşdırılan veb-kameralardır. O xatırladıb ki, Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi tətbiq olunur.

MSK rəsmisinin sözlərinə görə, seçki gününədək respublikadakı seçki məntəqələrinin 500-də (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşdırılır və bu məsələyə komissiyanın iclasında baxılaraq müvafiq qərarla veb-kameralar quraşdırılacaq seçki məntəqələrinin siyahısı təsdiq olunur: «Bu layihənin həyata keçirilməsində Mərkəzi Seçki Komissiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsini və nəticələr haqqında rəsmi protokolların hazırlanmasını arası kəsilmədən canlı müşahidə etmək imkanı əldə edir. Bu təcrübə 2008-ci il prezident seçkiləri, 2009-cu il referendum, 2009-cu il bələdiyyə seçkiləri, 2010-cu il Milli Məclisə seçkilər zamanı uğurla tətbiq olunub».

R.Qasımov qeyd edib ki, ölkədə keçirilən seçkilər zamanı seçki günü ərzində elektron vasitələrlə MSK-nın müvafiq zallarında quraşdırılmış kompyuterlərə və monitorlara ötürülən seçicilərin sayı, artım dinamikası, seçkilərlə bağlı digər məlumatlar oradan bütün dünyaya yayılır.

Onun sözlərinə görə, seçki prosesinin digər mərhələlərində olduğu kimi, seçkilər başa çatdıqdan və səsvermə məntəqələri bağlandıqdan 1 saat sonradan başlayaraq maraqlı şəxslərin maneəsiz şəkildə məlumat alması məqsədilə ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair məntəqələr üzrə ilkin məlumatlar DAİS-nin xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək oradan bütün yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur.

Seçki günü Mərkəzi Seçki Komissiyasının konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələrilə bağlı məlumatlandırmaq məqsədilə yerli və xarici KİV nümayəndələrinə canlı efirə bağlanmaq üçün bütün imkanlar yaradılır: «MSK informasiya texnologiyalarından səmərəli istifadə, elektron vasitələrin seçki qurumları tərəfindən peşəkarcasına tətbiqi və ən başlıcası, seçki prosesində aşkarlığın və digər bu kimi prinsiplərin təminatına yönəlmiş fəaliyyətini davam etdirir və bu sahədə bir sıra proqramların hazırlanaraq icra olunmasını diqqət mərkəzində saxlayır».
 
 
Seymur Qasımbəyli





27/02/12    Çap et