Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

CORC BUL – Onun ideyası inqilabi dəyişikliyə səbəb oldu


Riyazi məntiq еlmi  keçən sayımızda haqqında bəhs etdiyimiz ХVII əsrdə yaşamış аlmаn riyаziyyаtcısı və filоsоfu Q.Lеybnisin sayəsində inkişaf edib.  İngilis riyаziyyаtcısı və məntiqçisi Cоrc Bul ХIХ əsrdə bu еlmi məntiqin riyаzi аnаlizi аdlаndırıb və Leybnisin ideyalarını davam etdirib. Həmin ideyaları mükəmməl formaya salaraq genişləndirib və yeniliklərlə çıxış edib.
 
Həyatı
 
Corc Bul 1815-ci il, noyabr ayının 2-də İngiltərənin Linkolnşir şəhərinin Linkoln qəsəbəsində kasıb bir ailədə  dünyaya gəlib. Həmin dövrdə qədim dilləri (latın və yunan) öyrənməyə xüsusi maraq var idi. Sözsüz ki, Bulun təhsil aldığı əsasən imkansız ailələrin oxuduğu məktəbdə bu dillər tədris olunmurdu. Lakin Bul sərbəst şəkildə bu dilləri öyrənirdi. Bundan əlavə, riyaziyyat və məntiqlə maraqlanan məhdud təhsilə malik atası Corca bu fənlərin ilkin mərhələsini tədris edirdi.

Bul artıq 16 yaşında valideynlərinə kömək etmək üçün özəl bir ibtidai məktəbdə müəllim assistenti kimi fəaliyyətə başladı. O, 4 il iki məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur.  Bul gələcək həyatı haqqında düşünürdü, özü üçün bir yol seçməyə çalışırdı. O, ilkin biliklərinin normal səviyyədə olduğunu anlasa da  peşə baxımından qənaətbəxş hesab etmirdi. Nəhayət, Bul dini xadim olmağı qərara alır. O, kilsə həyatına hazırlaşaraq ciddi şəkildə fransız, alman və italyan dillərini öyrənməyə başlayır. Ailəsinin yoxsulluğu yenə də onun planlarını alt-üst etdi.

Valideynləri onu inandırmağa çalışırdılar ki, maliyyə durumunun pisləşməsinə görə dini həyatdan imtina etməlidir. Gənc Corc valideynlərinə qulaq asaraq bu fikrindən daşındı və 1835-ci ildə özəl məktəb açmağa qərar verdi.  Bul burada riyaziyyatı tədris edirdi və paralel olaraq özü sərbəst şəkildə tam ali riyaziyyat kursunu öyrənirdi.

1849-cu ildə  İrlandiyanın Kork şəhərində yerləşən Kral Kolleci(hazırda Kork Kollec Univesiteti)  təsis olundu. Riyaziyyatçı həmkarlarının tövsiyəsi ilə Corc kollecdə universitet təhsili olmamasına baxmayaraq  professor dərəcəsi aldı və ömrünün sonuna qədər burada çalışdı. Hazırda həmin universitetdə C.Bulun şərəfinə yaradılmış kitabxana, İnformatika Tədqiqatlar üzrə Bul Mərkəzi(Boole Centre for Research in İnformatics) fəaliyyət göstərir.

Ailə həyatına gəldikdə, Bul  1855-ci ildə Meri Everest ilə ailə qurub. Onların 5 qız övladı olub. Qızlarından Alisiya həndəsə, Lyusi kimya sahəsində alim kimi tanınıb, Lilian isə yazıçı kimi şöhrət tapıb.

 İşlərindəki dahiliyi kəşf edildikcə Bula müxtəlif mükafatlar təqdim edilib. Dublin və Oxford universitetlərindən fəxri dərəcə aldı. 1844-cü ildə “Kral Cəmiyyəti”nin medalına layiq görülüb. 1857-ci ildə Kral Cəmiyyətinə üzv qəbul edildi.  Lakin gec başlayan karyerası erkən sona çatdı. 1864-cü ildə bir gün evindən məktəbə qədər olan iki millik yolu  şiddətli yağış altında getmək məcburiyyətində qalır və yaş paltarlarla dərs keçir. Bunun nəticəsində soyuqlayaraq sətəlcəm xəstəliyinə tutulur.  Corc Bul 1864-ci il, dekabrın ayının 8-də  İrlandiyanın Ballintempl qəsəbəsində vəfat edib.
 
 Elmi fəaliyyəti
 
C.Bul fransız riyaziyyatçıları Pierre Simon Laplas və Jozef Lui Laqranjın işlərini araşdırırdı. Onların əsərləri ilə yaxından tanış olduqca ilk riyaziyyat məqaləsinin təməlini meydana gətirəcək  qeydlər çıxarırdı. O sırada yeni qurulmuş olan "Kembric Riyaziyyat Jurnalı" nın (Cambridge Mathematical Journal) redaktoru olan Dunkan Qreqori ilə tanış olur. Təsadüfi deyil ki,  Bulun diferensial tənliklərə, xətt transformasiyasının cəbr problemlərinə həsr olunmuş ilk elmi məqaləsi “Analitik dəyişikliklər nəzəriyyəsi üzrə tədqiqat” 1839-cu ildə “Kembric riyaziyyat jurnalı”nda  çap olundu.

Mütəmadi olaraq Kembric Riyaziyyat jurnalında məqalələri dərc olunurdu. Ümumilikdə bu jurnalda Bulun 22 məqaləsi çap olunub.  D.Qreqori ona Kembricdə akademik riyaziyyat dərsi almasını tövsiyə etdi. Lakin ailəsinə baxmaq məcburiyyətində olan Corc məktəbi tərk edə bilmədi. Parlaq istedada malik Bul dayanmadan riyaziyyat sahəsində tədqiqat aparır və araşdırmalarını məqalələri ilə ictimaiyyətə çatdırırdı.

Qeyd edək ki, Bulun “Fəlsəfə jurnalı”nda (Philosophical Magazine) 16 məqaləsi, fəlsəfi işlər (Philosophical Transactions) jurnalında isə 6 memuarı çap olunub. Bundan əlavə həmin dövrün nüfuzlu mətbu orqanlarında, o cümlədən,  «Edinburq Kral Cəmiyyəti və İrlandiya Kral Akademiyasının işləri» (Transactions of the Royal Society of Edinburgh and of the Royal Irish Academy), «Sankt Peterburq Akademiyasının bulletenləri» (Bulletin de l’Académie de St-Pétersbourg), “Tətbiqi riyaziyyat jurnalı” (Journal für die reine und angewandte Mathematik) nəşrləri ilə mütəmadi olaraq əməkdaşlıq edib.
Bul ümumilikdə 50 məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
 
 Riyazi məntiq nəzəriyyəsi və  “Bul cəbri”
 
Bulun  riyazi tədqiqatları analizin və differensial tənliklər nəzəriyyəsinin operator metodlarının hazırlamasından başladı və Avqust De Morqanla tanışlıqdan sonra  riyazi məntiqlə məşğul oldu.
Bu sahədə birinci əsas işi  "Məntiqin riyazi təhlili" əsəri 1847-ci ildə Bul məntiqin və məntiqin problemlərinin həllinə yeni yanaşmanın  izahını aydın göstərdi.

Onun yanaşması cəbrin simvolik dilinin dəyişməsini və genişlənilməsini tələb edirdi; bu əməliyyatları müəyyən edən və tədqiqatın obyektlərinin spesifikasını əks etdirənlər simvolikanın, əməliyyatların və qanunların seçimi idi.O, məntiqin fəlsəfədən daha çox riyaziyyata yaxın olduğunu göstərirdi.

Corc Bul  universal dili 0 və 1 rəqəmlərin görürdü və məntiqi iki ədəd vasitəsilə riyaziyyatla əlaqələndirə bildi. Bul cəbri AND(VƏ), OR(YA) və (NOT)YOX kimi üç əsas məntiqə malik idi. Hansılar ki,  toplama, vurma, bölmə, çıxmanı və simvolların, sayların müqayisəsinə imkan verirdi. Bulun nəzəriyyəsinə görə məntiqi hərəkətlər öz mahiyyətinə görə ikili olur və iki əks kateqoriyanı əks etdirir; həqiqət və yalan, sıfır və vahid. Beləliklə Bul ikilik say sistemini təfərrüatı ilə izah edə bildi.

C.Bul 1854-cü ildə məntiqin riyazi nəzəriyyəsinin əsasını təşkil edən "Təfəkkür Qanunları  Tədqiqatı" elmi işini nəşr etdirir. Bul məntiqi riyaziyyatın bölməsi hesab etmirdi, amma cəbrin simvolik metodunun və məntiqi formaların, sillogizmlərin təqdim edilmiş simvolik metodu arasında dərin analogiyanı tapdı.
Bul bu işi ilə riyazi məntiqin əsaslarını  tam şəkildə xülasə etdi. O, həmçinin ehtimalların ümumi metodunu xülasə etməyə çalışdı, hansı ki, ehtimal edilən hadisələrin verilmiş sistemindən onlarla məntiqi bağlı sonrakı hadisənin ehtimalını müəyyən etmək mümkün olardı.

Bul məntiqi yeni bir tərzdə təqdim etdi, sadə bir cəbr halına gətirərək riyaziyyatla birləşdirdi.  Məntiqi simvollarla cəbr simvollarının bənzərliyini ortaya qoyaraq riyaziyyata "Bul cəbri"ni qazandırdı.
 
Bir müddət sonra məlum oldu ki, Bul yaratdığı sistem sxemlərin elektrik çeviricilərinin təsviri üçün çox əhəmiyyətlidir. Artıq XX əsrdə alimlər bunun  rəqəmsal elektron kompyuterlərin yaradılması üçün əsas olduğunu anladılar və ikilik say sistemi ilə riyazi aparatı birləşdirdilər.





27/02/12    Çap et