Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti 2012-ci ildə 380 milyon mobil telefon satmaq niyyətindədir
"İCTnews" elektron xəbər xidməti "dailycomm.ru" resursuna istinadən xəbər verir ki, Barselonada keçirilən "Mobile World Congress" (MWC) sərgisində mobil sənayenin aparıcı istehsalçıları öz yeniliklərini təqdim edir və planları haqqında məlumat verirlər.
"Samsung" şirkəti də planları haqqında danışıb."Samsung Electronics" şirkətinin "IT & Mobile Communications" bölməsinin rəhbəri cənab Cey Key Şin bildirib ki, şirkət 2012-ci ildə 380 milyon mobil telefon satmağı planlaşdırır.
Bu, keçənilki göstəricidən 16% çoxdur. Qeyd edim ki, "Strategy Analytics" analitik şirkətinin məlumatına görə, dünyanın ikinci ən böyük "mobil telefon" istehsalçısı 2011-ci ildə 327,4 milyon mobil telefon sataraq keçən illə müqayisədə göstəricisini yaxşılaşdırıb. Məlumat üçün bildirim ki, 2010-cu ildə 280.2 milyon mobil telefon satılmışdı.
Bundan əlavə, "Samsung" şirkətinin mobil biznesinin prezidenti bildirib ki, şirkət cari ildə smartfon satışlarını təxminən ikiqat artırmaq və əsas rəqibi "Apple" ilə rəqabəti gücləndirmək niyyətindədir. 2011-ci ildə "Samsung" şirkəti "Strategy Analytics"-in hesablamalarına görə, 97,4 milyon smartfon satıb. "Apple" korporasiyası isə 93 milyon smartfon göstəricisi ilə rəqibi Cənubi Koreya şirkətindən geri qalıb.
EMİL
27/02/12 Çap et