Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aşağı tələbat, yoxsa texniki təchizat?


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən böyük prosessor istehsalçısı “İntel” şirkəti yeni nəsil “Ivy Bridge” prosessorlarının çıxış müddətini texniki çətinliklərlə əlaqədar apreldən iyun ayına keçirib. Bu barədə  “İntel” şirkətinin Çindəki rəhbəri Şon Malouninin  sözlərinə istinadən “Financial Times” qəzeti yazıb.

Bundan əvvəl qeyri-rəsmi mənbələr bildirirdilər ki, tarixin dəyişdirilməsinə səbəb yeni prosessorlara aşağı tələbatın olmasıdır. Lakin Şon Malouni qeyd edib ki, səbəb aşağı tələbat deyil, şirkətin “Sandy Bridge” çipləri ilə müqayisədə daha kiçik ölçüyə malik “Bridge” prosessorlarının istehsalı üçün yeni istehsal prosesini mənimsəməsidir və məhz bunun üçün əlavə vaxt lazımdır.

Məlumat üçün bildirim ki, “Ivy Bridge” “İntel” şirkətinin 22 nanometr texnoloji proses üzrə hazırlanan yeni nəsil prosessorlarıdır. Hazırkı prosessor nəsli 32 nanometr texnoloji proses üzrə hazırlanıb.

Yeni prosessorların indiki nəsil ilə müqayisədə daha yığcam və qənaətcil olacağı güman edilir.
Ultrabuklar məhz “Ivy Bridge” prosessorları ilə təchiz ediləcəklər.
 
EMİL





28/02/12    Çap et