Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz İKT sahəsində istehsal etdiyi məhsulları Rumıniya vasitəsilə Avropa bazarına çıxaracaq


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə səfərdə olan Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yuliyan Fota ilə görüşüb.

Görüşdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər, o cümlədən,  "Elektron  hökumət" proqramı, Regional İnnovasiya Zonaları layihəsi, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi kimi məsələlər müzakirə mövzusu olub.
 
Rumıniya ilə  Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq  əlaqələrinin olduğunu bildirən nazir Əli Abbasov qeyd edib ki, son illər bu tərəfdaşlıq əlaqələri Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişlənib.

Ə.Abbasov Rumıniyanın İKT şirkətlərinin "Bakutel 2011" sərgi-konfransında iştirakını yüksək qiymətləndirib, "UTİ" və "Sweco" kimi şirkətlərin Azərbaycan bazarında özünə layiqli yer tutacağına əminliyini ifadə edib. Nazir qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətlərinin də dünya bazarına çıxış əldə edəcəyini qeyd edib.

Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yuliyan Fota isə  ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. O, ötən il Rumıniyanın rabitə və informasiya texnologiyaları naziri Valerian Qremmenin başçılığı ilə rumın şirkətlərinin "Bakutel 2011" telekommunikasiya sərgi konfransında iştirakının qarşılıqlı əməkdaşlıq baxımından faydalı olduğunu bildirib.

Azərbaycanın İKT sahəsində istehsal etdiyi məhsulların Rumıniya bazarına çıxarılması ilə Avropa bazarlarına çıxış əldə edəcəyini bildirən Y.Fota bunun üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib. Bundan başqa, hazırda kibertəhlükələrin baş qaldırdığı bir vaxtda kibertəhlükəsizlik məsələlərinin vacib olduğunu bildirən Y.Fota ölkəsində bu sahədə kompleks tədbirlər həyata keçirildiyini deyib. O, bu istiqamətdə də əməkdaşlığı vacib sayıb.

Görüşdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniyel Kristian Çiobanu  və Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Vahid Əliyev iştirak ediblər.





28/02/12    Çap et