Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir


Fevralın 28-də "Baku Expo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olmuşdur. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapmışdır.

2011-ci ildə ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər barədə ətraflı məlumatların yer aldığı təqdimatda əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər müxtəlif cədvəl və diaqramlarla diqqətə çatdırılmışdır.
Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə inşa olunan təhsil və səhiyyə müəssisələri haqqında da göstəricilər ətraflı şəkildə əks olunmuşdur.

Naxçıvan Muxtar Respublikasına həsr olunan bölmədə ötən il muxtar respublikada sosial-iqtisadi sahədə əldə edilən uğurlardan söhbət açılır.

Sahibkarlığın inkişafına həsr olunan stendlərdə ümumi daxili məhsulun artımında, müxtəlif istehsal və xidmət sahələrində özəl bölmənin payı barədə statistik rəqəmlər yerləşdirilmişdir.

Təqdimatda ölkəmizdə və beynəlxalq səviyyədə keçirilən yarışlarda idmançılarımızın qazandığı uğurlar, yeni idman komplekslərinin tikintisi, ümumiyyətlə idmanın inkişafına olan dövlət qayğısı barədə məlumat verilir.
Ekoloji məsələlərə həsr olunan bölmədə isə Azərbaycanda həyata keçirilən meşə-bərpa və digər ekoloji tədbirlər barədə məlumatlar əksini tapmışdır.

İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsi bu mövzuya həsr olunan təqdimatda statistik rəqəmlər və diaqramlarla nümayiş etdirilmişdir.

Ötən il Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qələbəsinə həsr olunan xüsusi guşənin yaradıldığı təqdimatda ölkəmizin turizm potensialının inkişafı sahəsində görülən işlər də əksini tapmışdır.
Prezident İlham Əliyev konfransda giriş nitqi söyləmişdir.
 





29/02/12    Çap et