Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tələbə-məzun dövlət elektron məlumat sistemi üzrə Gəncədə seminar keçirilir
Prezident İlham Əliyevin “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin yaradılması haqqında fərmanından irəli gələrək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müvafiq proqram təminatının və bazanın yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirib.
Bu gündən başlayaraq 2 gün ərzində Gəncədə öz işinə başlayan treninqin məqsədi də ali və orta ixtisas təhsili müəssisələrinin sistemə qoşulmasını təmin etməkdir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən sistemə qoşulmaq üçün yalnız təhsil müəssisələrinin və dövlət təşkilatlarının xüsusi şəxsləri əmrlərlə məsul şəxs və operator təyin ediliblər.
Sistemin işə salınması məqsədilə məsul şəxs və operatorlara mütəmadi olaraq yeniliklər haqda məlumat veriləcək. Yeni sistem korporativ şəbəkə formasındadır. Şəbəkənin üzvləri olan ali və orta ixtisas təhsili müəssisələri və 13 dövlət təşkilatı Prezidentin fərmanı ilə bura qoşulub. Sistemin administratoru isə TQDK-dır.
«KTV»-in yaydığı məlumata görə, TQDK-nın sektor müdiri Sahib Mərdanov bildirib ki, hər hansı bir dövlət təşkilatına işə qəbul üçün ərizə verən vətəndaş haqqında məlumat artıq kağız daşıyıcılarda deyil, birbaşa bazaya daxil olmaqla məlumatlar əldə ediləcək. Onların fənlər üzrə aldığı qiymətlər də sistemlə müəyyən ediləcək”.
Sistemdə toplanan bütün məlumatların məxfiliyi tam qorunur. Bu sistemlə işləyən insanlara xüsusi kod və şifrə verilir. Həmin məlumatları əldə etmək üçün isə kompyuterlərə informasiya mübadiləsini təmin edən elektron sertifikat yüklənir.
S.Mərdanov əlavə edib ki, bazaya qoşulma parametrləri olmalıdır ki, sistemə müraciət edərək məlumat əldə etmək mümkün olsun: «Sistemdə 2 qat qoruma tədbirləri həyata keçirilib ki, bunun da “sındırılması”, informasiyanın əldə olunması, hakerlər tərəfindən korlanması mümkün deyil”.
Seminar iştirakçılarından 21 nəfər Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil ocaqlarının əməkdaşlarıdır.
Bildirək ki, 2 gün davam edəcək seminarda 45 nəfər iştirak edəcək. Ümumilikdə isə 57 nəfərə sistemə daxil olmaq üçün elektron sertifikat veriləcək.
SEYMUR
29/02/12 Çap et