Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib
Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib. Ümumiyyətlə, vergilər sahəsində ən vacib islahatlardan olan elektron sistemin tətbiqindən sonra 1,5 milyon bəyannamə, 1,2 hesab-faktura vergi orqanlarına elektron şəkildə təqdim edilib.
Bununla da ümumilikdə 20 ton kagıza qənaət olunub. “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən bildirilib ki, hazırda nazirlik tərəfindən aparılan vergi siyasətinin başlıca prinsiplərindən biri vergilərin könüllü ödənilməsi səviyyəsini yükəltməkdir. Vergi ödəyicilərinin vergi qanunvericiliyinə könüllü əməl etməsinin ilkin şərti isə bəyannamə və hesabatların vergi orqanlarına vaxtında təqdim edilməsidir.
Bunun üçün davamlı, məqsədyönlü tədbirləri davam etdirən nazirlik tərəfindən 2007-ci ildən bəyannamələrin elektron qaydada təqdiminə şərait yaradılıb. 2009-cu ildən etibarən isə ödəyicilər sadələşdirilmiş vergi bəyannaməsinin onlayn rejimdə vergi orqanlarına təqdim edilməsi imkanı qazanıblar: ”Görülmüş işlər nəticəsində bəyannamələrin vaxtında, eyni zamanda, elektron formada təqdim olunması səviyyəsi yüksəlib.
Bəyannamələrin vergi orqanlarına vaxtında təqdim edilməsi üçün yerli vergi orqanlarına lazımi metodiki köməklik göstərilib, vergi ödəyiciləri ilə görüşlər, seminarlar təşkil edilib, televiziya kanallarında xatırlatma xarakterli reklam çarxları, mətbuatda elanlar yerləşdirilib”. Bundan başqa, nazirliyin rəsmi internet səhifəsində (
http://www.taxes.gov.az) yeni bəyannamə formaları yerləşdirilib.
Bu ilin yanvar ayı ərzində vergi ödəyiciləri təqdim edilməli bəyannamələrlə bağlı nazirliyin “195” saylı telefon-məlumat xidməti tərəfindən 91.738 mesaj alıblar. Göndərilən mesajlardan 3837-si səsli, 87.901-i isə SMS məlumatlandırmanın payına düşür.
Nazirliyin apardığı təhlillərə görə, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə mesaj göndərilməklə məlumatlandırılmış vergi ödəyicilərinin sayı 2,6 dəfə artıb. Bundan başqa, ötən müddətdə qurumun telefon-məlumat xidməti tərəfindən 35.493 müraciət cavablandırılıb.
Müraciətlərin cavablandırıma formasına gəlincə, birbaşa əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 19.839, elektron operator tərəfindən isə 16.104 müraciət cavablandırılıb. Beləliklə, 2011-ci ilin müvafiq dövrü ilə birbaşa əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin 27,7 faiz artması müşahidə edilir.
HƏQİQƏT