Son bir neçə ildə, GPS- naviqatorları (GPS- Global Positioning System, koordinatın müəyyənləşdirilməsi üzrə qlobal sistem) bahalı oyuncaqlardan praktiki və etibarlı yardımçıya kimi uzun bir yol keçmişdir. Bu təkamülün səbəbi ümumi texniki proqres ilə yanaşı, marşrutun müəyyənləşdirilməsi zamanı GPS-naviqasiyasından istifadə rahatlığı idi.
Dövrümüzdə biznesin ehtiyacları üçün sputnik mövqeləndirilməsi imkanlarına əsaslanan avtotrekinq texnologiyası xüsusi aktuallıq qazanıb.
Bu sistem necə işləyir, nə dərəcədə rentabellidir və ən əsası, düzgün qərarı necə vermək lazımdır? Mütəxəssislər ilə birlikdə bütün maraqlandıran suallara cavab verməyə cəhd edəcəyik.
Bu kimə lazımdır?
Özəl sektorda nəqliyyatın sputnik monitorinq sistemini yaxın zamanlarda tətbiq etməyə başlayıblar. Onun Azərbaycan bazarında peyda olması sadəcə olaraq qaçılmaz hal idi - kommersiya fəaliyyətinin hər bir sahəsində yüngül və yük nəqliyyatının istifadəsi, böyük avtoparklara malik olan şirkətlərin yaranması, respublika daxilində yük daşınmasının inkişafı və s. kimi faktorlar nəqliyyat vasitələri üzərində nəzarətin vacibliyinə səbəb oldu. Burada mülahizələr olduqca fərqli ola bilər - nəqliyyat vasitələrindən istifadənin kommersiya effektivliyi məsələsindən başlayaraq, daşınan yüklərin təhlükəsizlik məsələlərinə kimi. Bu və ya digər halda, bu yenilik korporativ səviyyədə tədricən məişət həyatımıza daxil olur.
GPS monitorinq sistemi yalnız yük daşınması zamanı faydalı deyil, eyni zamanda kuryer və çatdırma xidmətləri zamanı, neft sənayesi üzrə fəaliyyət göstərən təşkilatlarda, taksi və sərnişinlərin çatdırılma xidmətlərində, xüsusi texnika parklarına malik tikinti şirkətlərində, bank və inkassator şirkətlərində, avtomobillərin istismarı, qida məhsullarının satışı ilə məşğul olan təşkilatlarda, fövqaladə hallar zamanı xidmətin göstərilməsi və təhlükəsizlik üzrə təşkilatlarda və müəssisələrdə, topdan və pərakəndə satış müəssisələrində və s. kimi təşkilatlarda da bu sistemdən istifadə etmək olar.
Bu sistem necə işləyir?
GPS monitorinq sistemi, xüsusilə nəqliyyat vasitələrində müşahidə obyekti üzərində quraşdırılmış GPS trekerdən siqanlın serverə ötürülməsini həyata keçirir. İnformasiya zəncirinin əlaqə halqası qismində qlobal şəbəkələrdən biri istifadə olunur. Təyin olnumuş müddətdə trekerdən məlumatlar, qəbul zonasında yerləşən bir və ya bir neçə sputnikə ötürülür. Sonra isə məlumat serverə daxil olur və analitik proqram təminatı vasitəsilə işlənib hazırlanır. Avtonəqliyyatın GPS monitorinqinin ümumi məlumat həcmindən avtomobilin dəqiq yerləşdiyi məkan, hərəkət istiqaməti və digər marşrut göstəriciləri barəsində hesabat tərtib olunur.
GPS müşahidəsi sürücülərin əvvəlcədən müəyyən olunmuş marşrutu müşahidə etmələrinə nəzarəti təmin edir. GPS sputnik monitorinqi avtomobilin marşrutu barəsində obyektiv məlumatların daxil olmasını təmin edir. Yol istiqamətindən yayınmalar, logistik tərəfindən işlənib hazırlanmış və əvvəlcədən müəyyənləşdirilmiş geozonaların hüdudlarından kənara çıxmalar barəsində sifarişçi müvafiq məlumatlar vasitəsilə xəbərdar edilir. Nəqliyyatın müşahidəsi məlumatların toplanmasını təmin edir. Bu da optimal marşrut sxeminin tərtib olunması və şəxsi məqsədlərə görə avtomobildən istifadənin qarşısını almaq üçün tətbiq edilir.
Müştəri aldığı məlumatları onlayn rejimdə izləyə bilər. Bununla yanaşı, məlumatlar GPS-monitorinq sistemə daxl edilmiş və üzərində treker quraşdırılmış bir neçə nəqliyyat vasitələrindən əldə oluna bilər.
Əldə olunan məlumatlar müəyyən zaman müddətində saxlanılır - məsələn, Matrix (Yollar.az) şirkətində il ərzində istifadəçi istənilən an lazım olan formatda generasiya edilmiş hesabatları əldə edə bilər. "A+A Security" MMC-də- məlumatlar 90 gün müddətində saxlanılır ki, bundan sonra sifarişçinin tələbi ilə məlumatlar onun serverinə yüklənə bilər və orada əbədi olaraq saxlanılır, və ya əgər müraciət olmazsa, məhv edilir.
Sistemin əlavə imkanları
Müştəri öz arzusu ilə avtomobilində əlavə imkanları təmin edən xüsusi avadanlıq quraşdıra bilər. Məsələn, əldə olunan məlumatlar yalnız nəqliyyatı müşahidə etməyə deyil, eyni zamanda yanacaq xərclərinə nəzarət etməyə imkan verir. Eyni zamanda, bunlardan gələcək logistik planlaşdırma üçün də istifadə etmək olar. Bundan əlavə, nəqliyyat vasitəsinin hərəkət surətinə sistem vasitəsilə nəzarət etmək olar. Nəqliyyat vasitəsinin yeri barəsində məlumat bərabər vaxt intervalları ilə treker vasitəsilə ötürülür. Əldə olunan məlumatlara əsasən sputnik monitorinq sisteminin proqram təminatı marşrutun hər dayanacağında avtomobilin orta hərəkət surətini hesablayır. GPS nəqliyyat monitorinqi qəza vəziyyətlərinin qarşısını almağa və hərəkət hissəsinin vaxtından əvvəl məhv olmasına mane olmağa imkan yaradır.
Matrix şirkətinin layihə-meneceri, Tahir Arslanbayevin qeyd etdiyi kimi, arzuolunan zaman nəqliyyatın sürücüsü ilə ikitərəfli əlaqəni təşkil etmək olar.
Adi mobil əlaqə bu halda sifarişçini qane etməyə bilər, belə ki, sürücü elementar olaraq cavab verməyə bilər və ya öz telefon nömrəsini vermək istəməz. Bu mənada ikitərəfli əlaqə olduqca münasibdir. Sifarişçiyə xüsusi telefon nömrəsi təqdim olunur, bu nömrəyə zəng vuran zaman əlaqə avtomatik olaraq yaradılır.
Əlavə imkanlara eyni zamanda təhlükəsizlik kəmərindən istifadəyə nəzarət, yürüş saatının hesablanması, qapıların açılması və ya blokirovkası, oxa yüklənməyə nəzarət hansı ki, nəqliyyat vasitəsinin təyin olunmuş normadan artıq yüklənməməsi üçün faydalıdır, yanacaq sayğacı və s. daxildir.
Öz növbəsində, "A+A Security" MMC-nin direktor müavini, Ülviyyə Süleymanova bildirmişdir ki, eyni zamanda sürücünün identifikasiyası, yanacaq və istilik sayğacının quraşdırılması, mühərrik saatının hesablanması və s. kimi əlavə imkanlar da yararlıdır.
İstifadə sadəliyi - uğurun təminatı
Maşına nəzarət etmək eyni zamanda mobil telefon vasitəsilə də mümkündür. Mobil platforma üçün xüsusi proqram təminatı mövcuddur. O, stasionara nisbətən funksionaldır, belə ki, nəqliyyatın hərəkəti barəsində ən vacib məlumatları təqdim edir.
Caspian NavTel şirkətinin satış üzrə meneceri Elgün Xıdırovun sözlərinə görə, bu sistemin fəaliyyəti əsasında aşağıdakı prinsiplər durur. Avtomobildə yerləşdirilmiş və avtomatik rejimdə işləyən bort bloku avtomobilin koordinatlarını, eyni zamanda sistemin nəzarət cihazlarının və avtomobilin aqreqatlarının vəziyyətini müəyyən edir. Bu məlumatlar vaxtaşırı və ya müraciət olunan zaman GSM kanalı ilə müşahidə mərkəzinə göndərilir və məlumat bazasında qeyd olunur.
Maşında quraşdırılmış daxili blok yerləşdiyi məkanın koordinatları, nəqliyyatın surəti və birləşdirilmiş nəzarət qəbulediciləri barəsində məlumatları tutuşdurur. Daxili blokun mikrokompüteri vasitəsilə, bu məlumatlar işlənib hazırlanır və eyni zamanda, bir neçə əlaqə kanalları hesabına mərkəzi idarəetmə məntəqəsinə göndərilir. Əldə olunan məlumatlar elektron karta yönəldilir, yoxlanılır və nəzarətə alınır.
Müşahidəçi sistemə qoşulan bütün nəqliyyat vasitələrini görür və onların vəziyyətləri barəsində tam məlumatlar əldə edir. Operator marşrutu, yol qrafikini, yolda icazə verilən və qadağan olunan əməliyyatları müəyyən edir. Əldə olunan nəticələr şirkətin məlumat bazasında saxlanılır və lazım gələn zaman hesabat kimi yoxlanılır.
Qiymət məsələsi
Qiymətə gəldikdə isə, hər bir şirkətin qiymət siyasəti fərdidir. Matrixdə cihazın qiyməti 230 manatdan 320 manata kimidir, aylıq abonent haqqı isə 10 manatdır. Bununla yanaşı, əgər sifarişçi 15-20 və daha artıq nəqliyyat vasitəsi üzərində cihaz quraşdırarsa, bu halda dəyişməz abonent ödənişi ilə cihazın qiyməti aşağı olacaq. "A+A Security" MMC-də cihazın qiyməti 90-450 manat arası dəyişir. Abonent ödənişi isə əldə olunan məlumatların tezliyindən, nəqliyyat vasitəsinin növündən, birləşdirilən əlavə sensorlardan asılı olaraq ayda 5 manatdan 25 manata kimi dəyişir. Bazarda GPS naviqasiyasının təqdim olunduğu digər şirkətlər öz xidmət dəyərlərinin göstərilməsindən imtina ediblər.
Bu qaydada, GPS-texnologiyasının tətbiq sahəsi çox geniş ola bilər - hərbi məqsədlərdən tutmuş, təhsil müəssisələrində uşağa nəzarətə kimi. Halbuki GPS-texnologiyasının əsas sənaye tətbiqi – naviqasiya sistemi və nəqliyyatın işinə monitorinq sistemidir.
Son illərdə GPS sistemi son dərəcə ixtisaslaşdırılmış texnologiyadan ümumi əlverişli bir texnologiyaya çevrilmişdir ki, hər bir iş adamı bundan yararlana bilər. Artıq indi təsdiq etmək olar ki, gələcəkdə GPS-texnologiyasına tələbat ancaq artmaqda olacaq.
biznesinfo.az