Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Polis Bakıdakı internet-klublarda reydlərə başlayır


Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Baş Təhsil İdarəsi paytaxtın bütün ərazilərində yerləşən internet-klublarda  reydlərə başlayır. «İCTnews" elektron xəbər xidmətinə bu haqda Bakı şəhər Baş Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı məlumat verib.

O, «lent.az»-a açıqlamasında deyib ki, reydlərin keçirilməsində əsas məqsəd internet-klublarda vaxt keçirən məktəb şagirdlərini müəyyənləşdirməkdir. Belə ki, polis əməkdaşları ilə birgə keçiriləcək reydlər zamanı internet-klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb-yayınmamağı dəqiqləşdiriləcək.

Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin, məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Bunun nəticəsində də işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaq.

Əgər şagirdin, ümumiyyətlə, məktəbə getməməsi müəyyən edilsə, dərhal onun valideyninə məlumat veriləcək. Valideynlərlə iş aparılacaq.
Yaxın günlərdə reydlərin başlanması gözlənilir.
 
SEYMUR





01/03/12    Çap et