Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmək bazarında FİİS modelindən istifadə tövsiyə olunur
Martın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təlim seminarı keçirilib. Seminar nazirlik və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” layihəsinin “Əmək bazarı islahatları” adlı birinci komponentinin "Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırığına uyğun olaraq təşkil edilib.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qurumdan qeyd edilib ki, təlim seminarının mövzusu Azərbaycanda Aktiv Əmək Bazarı Proqramlarının Monitorinqi üçün fəaliyyət üzrə informasiya-idarəetmə sistemi (FİİS) modelinin praktik tətbiqi olub.
Dövlət Məşğulluq Xidmətinin müvafiq şöbələrinin, pilot kimi seçilmiş Bakı şəhər Məşğulluq İdarəsinin, paytaxtın Binəqədi və Nəsimi rayon Məşğulluq mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi təlim seminarı Böyük Britaniyanın “MHC International” şirkətinin beynəlxalq eksperti Uilliam Haus tərəfindən aparılıb.
Üç gün davam edən təlim seminarı zamanı məşğulluq xidməti əməkdaşları FİİS modeli və ondan istifadə, fəaliyyət göstəricilərinin hesablanması (məlumatın toplanması, daxil edilməsi və işlənməsi), ayrı-ayrı Aktiv Əmək Bazarı proqramlarının iştirakçıları və işəgötürənlər arasında sorğuların təşkil edilməsi barədə məlumatlandırılıb.
Eyni zamanda, seminarda FİİS informasiyasından istifadə edilməklə Dövlət Məşğulluq Xidməti tərəfindən proqram planlaşdırılması və ƏƏSMN tərəfindən müvafiq sahədə siyasətin hazırlanması zamanı bundan istifadə edilməsi tövsiyə olunub. Bundan başqa, FİİS bülletenin hazırlanması istiqamətlərində təlim iştirakçılarına müvafiq bilik və məlumatlar verilib, geniş müzakirələr aparılıb.
HƏQİQƏT
02/03/12 Çap et