Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsildə interaktiv və informasiya istiqamətləri üzrə elektron xidmətlərə başlanılıb


Təhsil Nazirliyində dövlət siyasətinə uyğun olaraq, elektron xidmətlərin tətbiqinə başlanılıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına əsasən, sözügedən nazirlikdə elektron hökumət xidmətləri interaktiv və informasiya istiqamətləri üzrə formalaşmaqdadır.

Elektron xidmətlər bölməsi nazirliyin www.edu.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir. İnteraktiv xidmətlərə "Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə", "Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanlarının nəticələri haqda məlumatların əldə edilməsi", "Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün ərizələrin qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri haqda məlumatların əldə edilməsi", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"- üzrə elektron ərizələrin qəbulu", "Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların  əldə edilməsi (Valideyn Nəzarət Sistemi)" kimi bloklar daxildir.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı bölmədə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament, müəllimlərin işə qəbulu üzrə elektron ərizə, şəxsi kabinet, namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat, test suallarının cavablandırılmasına dair təlimat və s. funksionallar və məlumatlar yerləşdirilib.

"Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə" bölməsində ərizələr e-məktəblərdə 2012-ci ilin avqustundan qəbul edilməyə başlayacaq. Sonra isə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş digər məktəblərin şagirdləri və valideynlər "Ümumi təhsil müəssisələrində sınaq və yekun buraxılış imtahanlarının nəticələri" bölməsi vasitəsilə imtahanların nəticələri ilə taniş ola biləcəklər.

"Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri haqqında məlumatların əldə edilməsi" istiqaməti üzrə fləş texnologiyaları əsasında  interaktiv "Məktəb xəritəsi" proqramı (www.schoolmap.edu.az) qurulub. Həmçinin, məktəb haqqında lazım olan ətraflı məlumatları özündə birləşdirən (www.ned. edu.az) Milli Təhsil Məlumat Bazası yaradılıb.

Məlumat bazasında məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin siyahısı, əlaqə nömrələri , ünvanları, sayt və elektron poçt ünvanları göstərilib.

Təhsil Nazirliyinin internet səhifəsində həmçinin elektron xidmətlər vasitəsilə respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları, ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi, təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları ilə tanış olmaq olar.

Bundan başqa, həmin səhifədə  de-institutlaşma və uşaqların müdafiəsi barədə məlumatların əldə edilməsi, Təhsil Nazirliyinin rəhbər işçiləri ilə əlaqəsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları və etik standartlar modeli haqqında məlumatları almaq mümkündür.
 
HƏQİQƏT
 





02/03/12    Çap et