Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Meri Əmirova: «Dövlət Statistika Komitəsində “Elektron hökumət"lə bağlı uğurlu işlər görülüb»
«Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (azstat.org) «Elektron xidmət» bölməsi yaradılıb. Bu bölmə vasitəsi ilə istifadəçilər onları maraqlandıran sualları və ya hansısa göstəriciləri müraciət edərək əldə edə bilərlər». Bu fikirləri "İCTnews" elektron xəbər xidmətinə Statistika Komitəsinin Məlumatların Yayılma Şöbəsinin müdiri Meri Əmirova söyləyib.
Onun sözlərinə görə, quruma elektron şəkildə edilən müraciət avtomatik olaraq «elektron sənəd dövriyyəsi»ndə cəmləşir.
«Biz də istifadəçilərə müraciətlərinə cavablar yazıb göndəririk, lazım olan göstəriciləri onlara təqdim edirik» - deyən M.Əmirova əlavə edib ki, komitənin bütün hesabatlarının hamısının elektron şəkildə də təqdimatı mövcuddur: «Bütün təşkilatlar, müəssisələr, idarələr komitəyə gəlmədən, bizim saytımızda olan «Hesabatların elektron təqdimatı» bölməsinə daxil olur və oradan hesabatın nümunəsini götürüb doldururlar. Bu hesabat da avtomatik olaraq bizim müvafiq şöbəyə oturulur.
Bizdə elektron hökumətlə bağlı çoxlu işlər görülüb. Ən əsas isə elektron sənəd dövriyyəsi yaradılıb və fəaliyyət göstərir».
SEYMUR
02/03/12 Çap et