Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompyuter ziyanlarından gözlərimizi necə qoruyaq?
«Kompyuter gözdə quruluq yaradır. Normalda insan gözünü bir dəqiqədə 18-22 dəfə qırpmalıdır. Bu zaman gözün daxili mayesi bütün bəbəyə yayılır və gözdə quruluq yaranmır. Ancaq kompyuterə baxanda qırpma hərəkətləri azalır və bu, gözə ciddi ziyan vurur. Bizə məhz belə problemlərlə müraciət edənlər çoxdur”.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri oftalmoloq Fəridə Abbasova söyləyib. F.Abbasova kompyuterdən müəyyən rejimlə istifadə etməyi məsləhət görür. O, “Media forum” saytına verdiyi açıqlamasında deyib ki, iş yerində bütün günü kompyuterdən istifadə edənlər hər 40-45 dəqiqədən bir fasilə verməli, göz gimnastikası icra etməlidirlər. «Tərkibi təbii göz yasından ibarət göz damcıları var, bu vasitədən istifadə olunması da məsləhətdir».
Oftalmoloqun sözlərinə görə, uşaqların kompyuterdən istifadəsinə xüsusi diqqət yetirilməlidir. Azyaşlılara gündə iki dəfə və hər dəfəsində 40-45 dəqiqədən çox olmamaq şərti ilə kompyuterdən istifadəyə icazə vermək olar. Onun sözlərinə görə, müəyyən yaşa qədər gözün inkişafı davam edir, ona görə də onların kompyuterə və ya televizora uzun müddət baxması ciddi problemlər yarada bilər. Göz ağrılarından şikayət edənlərə oftalmoloq göz idmanları, stolüstü tennis və topla hərəkətlər məsləhət görür: “Şəffaf rənglərə baxmaq da çox xeyirlidir.
Bundan başqa, düzgün qidalanmaya da diqqət yetirmək lazımdır. Uşaqlar hər gün ən azı 150 qram ət yeməlidirlər. Qara ciyər, tərəvəzlər, çox yağlı olmayan balıqlar, dənli bitkilər, bir sözlə, tərkibində A və B vitaminləri bol olan qidalar gözə xeyirdir”.
SEYMUR
03/03/12 Çap et