Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir “Connect” Ərəb Sammitində iştirak edir


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan  “Connect” Ərəb Sammitində  iştirak edir.

Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə BMT-nin Baş Assambleyasında  qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini əsas gətirərək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi Azərbaycanın  “Connect” Ərəb Sammitində iştirakını məqsədəuyğun sayıb.

Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr ediləcəkdir.

Təşkilatçılardan aldığımız məlumata görə, toplantıda dünya və region ölkələrindən bir  çox dövlət rəsmiləri, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Nazir Əli Abbasovun  tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulmuşdur.

Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası “Anlaşma Memorandumu”nun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, “Qatar Satellite Company”nin, “Qatar National Broadband Network Company”nin, “Qtel”in (Qətər Dövlət Telekommunikasiya şirkəti) rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi  və “Qatar Foundation”in nəzdində “Qatar Science and Technology Park”ına səfər  nəzərdə tutulur.

BTİ-nin Baş katibi Həmadan Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.
 
 





05/03/12    Çap et