Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fövqəladə hallar zamanı bəzi istifadəçilərin rabitəsi məhdudlaşdırıla bilər


"Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın hazırlanıb təsdiq edilməsi «Telekommunikasiya haqqında» qanunun tələblərindən irəli gəlib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Nazirlər Kabinetinin təsdiq etdiyi "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ı şərh edib.

O, "İCTnews" elektron xəbər xidmətinə bildirib ki, bu qaydaların hazırlanmasına hələ 2005-ci ildən başlanılıb: «Nəzərə alaq ki, fövqəladə halın yaranması şəraiti və onun aradan qaldırılması bir neçə dövlət orqanının birgə fəaliyyətini əhatə etdiyindən bu sahədə mövcud olan normativ sənəd də həmin dövlət orqanlarının təkliflərini özündə ehtiva edirdi.

Ona görə də bu qaydaların hazırlanması zamanı layihə RİTN tərəfindən Nazirlər Kabinetinə göndərilmiş və Nazirlər Kabineti tərəfindən də aidiyyəti dövlət orqanlarına rəy və təkliflərini bildirmək üçün təqdim edilmişdi. Onlar da öz rəy və təkliflərini verdikdən sonra Nazirlər Kabinetinin qərarı ilə də bu qaydalar qəbul edilib».

B.Məmmədovun sözlərinə görə, qəbul olunmuş «Fövqəladə hallarda rabitədən istifadə ilə əlaqədar xüsusi qaydalar» xüsusi mexanizm müəyyənləşdirir ki, fövqəladə şərait yarandıqda (bu da müxtəlif səbəblərdən ola bilər, istər təbii fəlakət nəticəsində, istərsə də bu və ya digər səbəblərdən) hansı formada telekommunikasiya şəbəkələri istifadə olunur: «Bundan əlavə, zərurət yaranarsa, milli operatorun sərəncamında olan vasitələrlə RİTN-in müəyyənləşdirdiyi formada bu və ya digər işlərin görülməsi, RİTN-in tabeliyində olan Teleradio İstehsalat Birliyinin infrastrukturundan istifadə edərək telekommunikasiya şəbəkələrindən istifadə ilə bağlı tədbirlərin görülməsi, yəni bütün bu kimi məsələlər qəbul olunan qaydada öz əksini geniş şəkildə tapıb.

Zənnimcə, bütün normativ sənədlərin əsas məqsədi həmin sahədə, həmin şəraitdə məsələlərin nizamlanmasının, onların sistemləşdirilməsinin həyata keçirilməsi olduğu kimi, bu da ekstremal, fövqəladə hal şəraitində rabitədən istifadəni sistemləşdirən, onu nizamlayan bir qaydadır. Çox sevindirici haldır ki, artıq bu normativ hüquqi akt qəbul edilib.

Bu, mülkiyyət formasından asılı olmayaraq bütün təsisatlara icrası zəruri olan bir sənəddir. Onlar da ekstremal şəraitdə necə, hansı formada hərəkət etməli olduqlarını artıq bu qaydalar əsasında dəqiq biləcəklər və hər bir struktur öz vəzifə və funksiyalarını bu qaydalar vasitəsi ilə yetərincə dəqiq, dolğun şəkildə  icra edəcəklər».

Ölkədə ekstremal şərait yarandıqda FHN-in bilavasitə bu işlərin təşkilinə, onların əlaqələndirilməsinə məsul olan qurum olduğunu vurğulayan B.Məmmədov deyib ki, rabitə telekommunikasiya şəbəkələrinin idarə olunması, bu sahədə  siyasəti formalaşdıran, işləri təşkil edən xüsusi qurum isə RİTN-dir.

Onun sözlərinə görə, artıq fövqəladə hallarda telekommunikasiya sahəsində yaranan problemlərin tez bir müddətdə aradan qaldırılmasının səmərəliliyini həyata keçirmək üçün FHN ilə RİTN birgə fəaliyyət göstərəcəklər: «Götürək onun texniki problemlərinin aradan qaldırılması üçün zəruri mütəxəssislərlə, avadanlıqlarla, bu sahədə fəaliyyət göstərən operatorlarla təminini.

Aydın məsələdir ki, bu, bilavasitə RİTN-in fəaliyyət sahəsidir. Qaydalarda da hər bir qurumun fəaliyyəti açıq-aydın göstərilib ki, birgə fəaliyyət nəticəsində qısa, tez, effektiv olaraq fövqəladə hal şəraitində yaranmış mürəkkəbliklərin aradan qaldırılması və orada rabitənin təmin olunmasına yönəlib.

Bu istiqamətdə də birgə fəaliyyət öz effektiv nəticəsini verəcək. Ola bilər ki, bəzi hallarda müxtəlif kommunikasiya şəbəkələri fövqəladə hal rejimində olan tutumların hamısı cəlb edilə, istifadə oluna bilməsin, yaxud da tələbat daha çox olar. Belə olan halda qəbul olunmuş qaydalar onu nizamlamağa imkan verir.

Burada söhbət telefonların söndürülməsindən getmir. Söhbət ondan gedir ki, əgər kanalın sayı məhduddursa, orada göstərilir ki, ilk növbədə üstünlük hüququ vəziyyətin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən qurumlara verilməlidir. Yəni ola bilər ki, bu və ya digər ərazidə yaranmış vəziyyət nəticəsində məhdud sayda istifadə oluna biləcək telekommunikasiya şəbəkəsi telefon ehtiyatları olsun. Bu da ilk növbədə fövqəladə halın aradan qaldırılmasına yönələcək.

Ola bilər ki, bəzi istifadəçilərin rabitəsi məhdudlaşdırılsın. Bu qaydalar hazırlanarkən dünya təcrübəsinə istinad edilib».
 
SEYMUR





07/03/12    Çap et