Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” korporasiyasından daha bir inqilabi ixtira
“IBM” korporasiyasının tədqiqat bölməsi 1 saniyə ərzində terabit (!) məlumat emal edə bilən optik prosessor nümunəsi yaradıb. “IBM” korporasiyasının məlumatına görə, yaradılmış prosessor nümunəsi hazırda kompyuter və serverlərdə istifadə edilən müasir prosessorlar ilə müqayisədə əhəmiyyətli dərəcədə daha sürətli və enerjiyə qənaətcildir. Yaradılmış optik çipdə “Holey Optochip” texnologiyası reallaşdırılıb. “IBM” şirkəti gələcəkdə onun əsasında superkompyuter hazırlamağı planlaşdırır.
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, optik çiplər ənənəvi elektronlar əvəzinə işıq fotonları ilə işləyir. Bir qayda olaraq, hazırda optik çiplər optik lif rabitə xətləri ilə işləyən şəbəkə elektronikası, həmçinin böyük tutuma malik informasiyanın ani ötürülməsi tələb olunan superkompyuter qovşaqları üçün məhdud sayda tətbiq edilir.
Optik texnologiyanın elektron texnologiya qarşısındakı üstünlüklərindən biri ondan ibarətdir ki, onu çox böyük məsafələrdə istifadə etmək olar, həm də işıqla işləyən qurğular ölçüsünə görə kiçikdir və minimum elektrik enerjisi sərf edir.
“IBM” korporasiyasının proqnozuna görə, 10 ildən sonra dünyanın ən güclü superkompyuteri məhz optik çiplər ilə işləyəcək.
Hazırda yaradılmış “Holey Optochip” adlı optik prosessor nümunəsi cəmisi 4,7 vatt (təxminən smartfon və ya planşet prosessoru kimi) enerji sərf edir. Bununla belə, saniyədə təxminən 1 trilyon bit (500 HD film) emal edə bilir. Çipin ölçüləri cəmisi 5,2x5,8 mm təşkil edir.
EMİL
09/03/12 Çap et