Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”-un keçmiş top-meneceri: “Fərdi kompyuter dövrü başa çatıb”


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Microsoft” korporasiyasının proqram təminatı bölməsinin keçmiş baş arxitektoru, bir vaxtlar proqram təminatının inkişaf istiqamətlərini müəyyənləşdirən top-menecer vəzifəsində Bill Geytsi əvəz etmiş Rey Ozzi bəşəriyyətin artıq fərdi  kompyuterlərdən (FK) sonrakı dövrə qədəm qoyduğunu iddia edir.

“Mən fərdi kompyuterlərin sıradan çıxdığını deyil, “fərdi kompyuter” anlayışının öz mənasını dəyişdiyini deyirəm”- deyə R.Ozzi bildirib.

Keçmiş şirkəti haqqında danışan ABŞ mütəxəssisi qeyd edib ki, “Microsoft” gəlirinin çox hissəsini masaüstü kompyuterlər üçün proqram təminatının satılması hesabına əldə etməkdə davam edir. Onun fikrincə, yaxın gələcəkdə şirkət öz inkişaf istiqamətini dəyişməsə, gələcəkdə böyük itkilərlə qarşılaşa bilər.

“Personal kompyuterlər hələ də “Microsoft”un maliyyə səmərəliliyini müəyyən edir, lakin fərdi kompyuter konsepsiyası “Apple” və “Google” şirkətlərinin proqram təminatı bazası əsasında işləyən güclü smartfon və planşetlərlə ikinci yerə sıxışdırılır.  İnsanların çoxu bizim fərdi kompyuterdən sonrakı dövrdə yaşamağımızla bağlı sual edirlər. Əlbəttə, biz fərdi kompyuterdən sonrakı dövrdə yaşayırıq”, - R.Ozzi Siettldə keçirilən “GeekWire” konfransında çıxışı ərəfəsində bildirib.

Qeyd edək ki, yeni “iPad”-in təqdimatında “Apple” şirkətinin baş direktoru Tim Kuk da iştirakçılara dünyanın FK-dən sonrakı mərhələyə adladığını bildirib, çünki artıq planşet və smartfonların satışı pul vahidində fərdi kompyuterlərin satışını üstələyir.

R.Ozzinin fikrincə, “Windows 8” əməliyyat sisteminin işıq üzü görməsi “Microsoft” üçün həyati əhəmiyyətli olacaq və müəyyən dərəcədə şirkətin gələcəyini müəyyənləşdirəcək. Xatırladaq ki, “Windows 8” əməliyyat sisteminin tarixində ilk dəfə olaraq “ARM” mobil prosessorları üzərində sərbəst işləyə biləcək “Windows” olacaq. “Windows 8” istifadəçilər qarşısına alınması arzulanılan məhsul kimi çıxsa, “Microsoft”-u gözəl gələcək gözləyir, - deyə R.Ozzi vurğulayıb.





09/03/12    Çap et