Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hovard Ayken - O, HEÇ VAXT TEXNOLOGİYA DÜNYASINDAN ASILI OLMAQ İSTƏMƏYİB
Kompyuter texnikası sahəsində görkəmli tədqiqatçı, ixtiraçı və pedaqoq hesab olunan Hovard Ayken 1900-cü il, mart ayının 8-də Nyu-Cersi ştatının (ABŞ) Hoboken şəhərində anadan olub. 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalır, gündüzlər isə Arsenal texniki məktəbinə gedir.
Məktəb rəhbərliyi gənc Hovardın bacarıqları ilə maraqlanır və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaradır. Sonra o, Viskonsin Universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsinə yiyələnir və çalışdığı şirkətdə baş mühəndis vəzifəsinə təyin olunur.
Hovard 10 il energetika mühəndisi işlədikdən sonra 1935-ci ildə Çikaqo Universitetinə daxil olur. Universiteti bitirdikdən sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur. 1939-cu ildə Aykenin Harvard Universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur. O, tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların say həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir.
1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi meydana çıxır. O, burda maşını müxtəlif qovşaqların montaj olunduğu kommutasiya lövhəsi şəklində izah edirdi. Kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub.
Həmin vaxt Ayken özünə dəstək tapa bilmədi, əksinə, müqavimət gördü. Bir çox insanlar inanmırdı ki, belə maşın yaratmaq mümkündür.
Onu yalnız astronom Şepli və biznes məktəbinin professoru Ted Braun dəstəkləyirdi. Ayken bu işə "Monro" firmasını, xüsusən də şəxsən baş mühəndis C.Çeyzi cəlb etməyə çalışırdı. İş Çeyzi maraqlandırsa da, rəhbərlik ideyanı praktik hesab etmir və onun həyata keçirilməsindən imtina edir.
Ayken elektron-vakuum texnologiyası əsasında olan kompyuterlərin ilk ixtiraçısı hesab olunur
Çeyz Aykenə “IBM” firmasına müraciət etməyi tövsiyə edir. 1939-cu ildə “IBM” firması ABŞ hərbi-dəniz müəssisəsinin maliyyə dəstəyi ilə Ayken maşınının yaradılmasını öhdəsinə götürməsi barədə müqaviləyə imza atır. 7 il sonra, 1944-cü ildə "Mark-Q" adını almış maşın qurulmağa başladı. Maşında istifadə olunan rele, sayğaclar, əlaqələndirici qurğular, çap mexanizmləri, perfokart daxil etmək üçün qurğular həmin dövrdə “IBM” firmasının istehsal etdiyi tabulyatorların standart hissələri idilər.
23 qiymətli onluq saylarla işləyən bu maşın toplama əməliyyatını 0,3 saniyə, vurma əməliyyatını isə 3 saniyəyə yerinə yetirirdi və çox böyük ölçüyə malik idi (uzunluq - 17.4 m, hündürlük - 2.5 m).
"Mark-1" yüksək iş qabiliyyəti və etibarlılığı ilə fərqlənirdi. Bu nəhəng maşın hərbi dəniz donanmasının məxfi layihələrinin əsas hesablarını yerinə yetirərək fasiləsiz olaraq gündə 24 saat işləyirdi. İlk 3 ildəki işində "Mark-1" kompyuterində 19 müxtəlif riyazi funksiyaların cədvəli (Bessel funksiyası, Henkel funksiyası, inteqral sinus və kosinus və s.) qurulmuşdu. Xətt tənliklərinin böyük sistemi ilə bağlı həllərlə əlaqədar Vasili Leontyev (sonralar Nobel mükafatı laureatı) "Mark-1" maşınının köməyi ilə çoxsaylı tədqiqatlar aparırdı.
Qeyd etmək lazımdır ki, 1944-cü ildə "Mark-1" müasir kompyuterlərin xüsusiyyətlərinə malik idi, xüsusən də əməliyyatların yerinə yetirilməsində zaman bölgüsündə, bununla belə ayrı-ayrı qurğular arasında ziddiyyət yaranmırdı və proqramlaşdırmada alt proqramlar geniş istifadə olunurdu. Sonralar isə "əməliyyat yerinə yetirmək qollarının istəniləni seçmək yollarını təmin edən" qurğu da daxil edildi.
1947-ci ildə Aykenin laboratoriyasında o vaxtlar üçün qeyri-adi xüsusiyyəti olan yeni releli "Mark-1" maşını yaradıldı: o, eyni zamanda 2 müxtəlif tapşırığı yerinə yetirə bilən bir və ya iki ayrı maşın kimi işləyirdi. Bir rejimdən digərinə keçid keçirici vasitəsilə baş tuturdu.
Son illər Hovard Aykeni qınayırdılar ki, o, öz kompyuterlərinin layihələşdirilməsində elektromexaniki qurğulardan elektron qurğulara həvəssiz keçir. Ayken bu fikirlərə cavab olaraq bildirib: "Xeyr, mən bilirdim ki, bu yolla getmək lazımdır. Mən texnologiyadan asılı olmaq istəmirdim, hələ yad və sınaqdan keçirilməmiş komponentlərin yeni tətbiqində etibarlılıq haqqında narahat olmaq istəmirdim.
Digər layihələrin normal getdiyini və mühəndislərin texnologiya ilə işləməyi öyrəndiyini görən kimi elektronikaya keçdim". Bu, maşının üçüncü və dördüncü versiyası olan "Mark-I" və "Mark-IV"-ü yaratmaq ərəfəsində baş verdi. Ümumiyyətlə, geriyə baxdıqda aydın olur ki, elektron-vakuum texnologiyası əsasında olan kompyuterlər daha etibarlı rele və yarımkeçirici texnologiyalara keçid idi.
Ayken bu planda ilk ixtiraçı hesab olunur."Mark-III" maşınının layihələşdirilməsinin başlanğıcı 1948-ci ilin yanvarına qeyd edilib və 1950-ci ildə yekunlaşıb. Onda saylar və əmrlər ikilik kodda təqdim olunurdu və səthi maqnitlə örtülmüş 9 ədəd alüminium barabanda saxlanılırdı.
Harvardda Ayken tərəfindən hərbi hava qüvvələri üçün yaradılan son kompyuter "Mark-IV" 1952-ci ildə başa çatdı. O zaman layihələşdirilən daha az etibarlı elektrostatik yaddaşlı maşınlardan fərqli olaraq "Mark-IV"-ün yaddaşı ixtiyari yolla maqnit nüvələrdə hərəkət edən 200 registrdən ibarət idi. Maşın, həmçinin 4000 16 dərəcəli say və 1000 əmr üçün maqnit barabanda ayrı sektorlu böyük həcmli yaddaşa malik idi. Maşında indeks registri və adi yazıya yaxın cəbr ifadələrində proqramların yazısı üçün xüsusi klaviaturalı şifrə açan qurğu tətbiq edilmişdi.
O, tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub
1947-ci ildə Ayken birinci olaraq Harvardda rəqəmli hesablama qurğusunun layihələndirilməsi mövzusunda kurs aparmağı təklif etdi. Bundan dərhal sonra rəqəmsal kompyuterlərdə istifadə edilən texnologiyalara istiqamətləndirilmiş rəqəmsal sxemin analizi kursu təşkil edildi. Onun fəaliyyəti nəticəsində Harvard hesablama texnikası sahəsində alimlik dərəcəsi mənimsəmiş ilk universitetlərdən biri oldu.
Ayken ən yaxşı anlamda istedadlı və ruhlandırıcı müəllim idi. Belə ki, Ayken iradəli, müstəqil, məqsədyönlü və inadlı olaraq vaxtını maksimum dərəcədə elmə, işə, dərsə ayıraraq tələbə və həmkarlarından da eynisini gözləyirdi, buna görə nəticələr onun gözləntilərini də üstələyirdi. O, həddindən artıq aktiv adam idi. Onun izini elm və texnikanın bir çox sahələrində görmək olar.
Ömrünün son illərində o, “Monsanto Chemical” firmasında maqnit domenləri sahəsində tədqiqatlarla əlaqədar suallar üzrə məsləhətçi işləyirdi. 1973-cü il 14 mart tarixində Sant-Luisə, firmasının ştab mənzilinə səyahət zamanı Hovard Ayken qəflətən infarktdan vəfat edib.
Onun tədqiqatlarının və pedaqoji fəaliyyətinin uğurları uzun illər idarə etdiyi "Kompyuter laboratoriyaları işləri" və bir çox jurnallarda, ABŞ Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin hesabatlarında, atom energetikası komissiyasında, telefon laboratoriyasında və digər təşkilatlarda əks olunub.
Bir çox nüfuzlu mükafatlara layiq görülüb
Hovard Aykenin nailiyyətləri bütün dünyada qəbul olunub və bunu onun layiq görüldüyü mükafatlar da təsdiq edir. 1946-cı ildə hesablama maşınları üzrə ilk komitə təsis ediləndə Ayken Corc Stibits və Con fon Neymanla birgə oranın ilk üzvlərindən oldu.
O, Amerika Radiomühəndisləri Elm və İncəsənət İnstitutunun üzvü idi; Ayken görkəmli xidmətlərinə görə Hərbi Dəniz Flotunun və xüsusi vətəndaş xidmətlərinə görə Hərbi Hava Qüvvələrinin mükafatlarına layiq görülüb; Viskonsin Universiteti ona böyük peşəkar xidmətlərinə görə diplom təqdim etmişdi; Belçika onu Tac Ordeninin zabit xaçı ilə təltif etmişdi; Fransa onu “şərəf Legionunun cəngavəri” adlandırmışdı.
Ona Darmştatda Almaniya Ali Texniki Məktəbinin fəxri dərəcəsi, İspaniyada Ali Məclisin elmi araşdırmalar üzrə fəxri dərəcəsi, İsveçdə Mühəndislik Akademiyasının üzvü adları verilmişdi.
Humbolt Dövlət Universitetinin riyaziyyat professoru, Smitson Dövlət Muzeyinin kompyuter texnikası tarixi layihəsinin baş eksperti Henri Tromp yazırdı: "Mən əminəm ki, Ayken kompyuter əsrinin ilk xəbərvericilərindən idi. Onun şəxsi keyfiyyətləri 40-50-ci illərdə onunla çalışan əməkdaşlara böyük təsir göstərmişdi".
09/03/12 Çap et