Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təbii qazın dəyərini “Smart-kart”larla internet vasitəsilə ödəmək mümkün olacaq
Yaxın vaxtlarda əhali kateqoriyasından olan abunəçilər istifadə etdikləri təbii qazın dəyərini "Smart-kart"lara internet vasitəsi ilə ödəyə biləcəklər. "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, bunun üçün abunəçilər, əlavə olaraq kart-riderlər əldə etməli olacaqlar.
Hazırda "Komtec" və "Goldenpay" kompaniyaları "Smart-kart"ları yükləmək üçün bütün imkanlardan istifadə etmək məqsədi ilə zəruri tədbirlər həyata keçirir. Belə ki, cari ilin fevral ayından başlayaraq "Smart-kart"ların yüklənilməsi respublikanın bütün banklarında mümkün olub. Banklar və onların filialları kart-riderlərlə təmin olunacaqlar ki, bu da əhali tərəfindən "Smart-kart"ların yüklənilməsini asanlaşdıracaq.
Hal-hazırda "Smart-kart"ların yüklənilməsi "Paypoint" terminalları vasitəsi ilə həyata keçirilir ki, onların sayı hazırda 315 ədəd təşkil edir. Bu ilin birinci rübünün sonunadək onların sayı 350 ədədə çatdırılacaq, ikinci rübün sonunadək isə əlavə 100 ədəd aparat quraşdırılacaq.
Azərbaycan bankları "Paypoint" terminallarının quraşdırılmasında maraqlıdırlar. Hazırda "Dəmirbank"ın yeddi filialında bu terminallar quraşdırılıb və yaxın vaxtlarda əlavə səkkiz filialda da quraşdırılacaq.
"Azərpoçt" MMC ilə "Komtec" arasında poçt şəbəkəsində "Paypoint" terminallarının tətbiqi haqqında danışıqlar aparılır. Bunun nəticəsində təbii qaz üçün nəzərdə tutulan "Smart-kart"ların yüklənilməsi poçtlar vasitəsi ilə də həyata keçiriləcək.
CAHANGİR
09/03/12 Çap et