Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin axını


«2011-ci il martın 1-dən etibarən Avropa Şurası tərəfindən həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığına dəstək proqramının icrası başlayıb. Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistan daxildir. 

Onun da məqsədi Tərəfdaşlıq proqramına daxil olan ölkələrin müxtəlif istiqamətlərdə qanunvericiliyinin və yaxud da həyata keçirilən praktikanın Avropa standartlarına uyğunlaşdırılmasıdır. Bununla əlaqədar ümumi büdcəsi 4 milyon avro təşkil edən və icra müddəti 30 ay nəzərdə tutulan proqram həyata keçirilir. Bu proqramlar da bir neçə istiqamət üzrədir.

Bunlar seçki standartları, məhkəmə sisteminin islahatları, səmərəli idarəçilik və korrupsiyaya qarşı mübarizə, o cümlədən də kibercinayətkarlığa qarşı mübarizədən ibarətdir». Bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov söyləyib.

O bildirib ki, kibercinayətkarlığa qarşı mübarizə layihəsinin məqsədi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin kibercinayətkarlıq sahəsində mövcud olan beynəlxalq hüquqi çərçivədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə Avropa Şurası tərəfindən ekspert yardımının göstərilməsi və həmin ölkələrin kibercinayətkarlığa qarşı mübarizə üzrə hüquq və praktik imkanların artırılmasıdır.

Layihə çərçivəsində bir neçə regional konfransların və kibercinayətkarlığın müxtəlif aspektlərinə həsr olunan 6 seminar keçirilməsi nəzərdə tutulduğunu və artıq Tallin, Kişinyov və Bakı şəhərində tədbirlərin reallaşdırıldığını vurğulayan şöbə müdiri növbəti seminarın isə bu ilin fevralında Kiyevdə keçirildiyini deyib: «Sonuncu seminarın mövzusu internetdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin axını idi. Hazırda bu məsələlər dünya ölkələrində olduqca aktual problemdir.

Bir çox ölkələrdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müxtəlif tədbirlər görülür, o cümlədən bizim ölkəmizdə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın özəlləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun qəbul edilib.

Bu qanun bir sıra beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə hazırlanıb və onların tövsiyələri nəzərə alınıb. Ona görə də bu, qanunvericilik nöqteyi-nəzərindən mükəmməl bir qanundar. Seminardakı mövzu cinayət yolu ilə əldə edilən pulların internetdən istifadə edərək hərəkət edən pul vəsaitlərinə aid olduğundan bu, bilavasitə bizim fəaliyyətimizlə də bağlıdır.

Bu seminarın maraqlı cəhəti ondan ibarətdir ki, burada həm Avropa ittifaqının layihəsində təmsil olunan Balkan ölkələri, Türkiyə və digər ölkələrin aidiyyəti qurumlarının nümayəndələrinin, həm də Şərq Tərəfdaşlığına daxil olan ölkələrin təmsilçiləri iştirak edib.

Azərbaycanın nümayəndə heyəti kibercinayətkarlıq sahəsində işçi qrupun nümayəndələrindən, yəni Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət idi. Seminarın məqsədi bu sahədə olan təcrübədən, Avropa ekspertlərinin apardığı işlər, bu sahədə olan cinayət əməlləri barəsində məlumatlar, bu istiqamətdə aparıcı ölkələrin reallaşdırdığı araşdırmalarla tanış olmaq idi.

Onu da qeyd edək ki, tədbirdə Dublindən gəlmiş ekspertlər öz təcrübələrini bölüb, GUAM nümayəndəsi qurum çərçivəsində bu sahədə aparılan iş barəsində məlumat verib, Avstraliyadan olan ekspertlər və Ukraynanın təcrübəsi barəsində fikir mübadiləsi aparılıb. Bizim də nümayəndə heyəti ölkəmizdə bu sahədə qanunvericilik sahəsində görülən işlər, yaradılmış xüsusi təsisat qurum barəsində, yəni Maliyyə Monitorinq Xidməti haqqında məlumat veriblər».

B.Məmmədov əlavə edib ki, seminarda internet servis provayderləri ilə  hüquq -mühafizə orqanları arasında olan əməkdaşlıq məsələləri də müzakirə edilib. Onun sözlərinə görə, seminarın nəticəsi olaraq hər bir nümayəndə heyəti öz fəaliyyətləri ilə əlaqədar iştirakçıları məlumatlandırıb. Nəticə etibarilə arzuolunan təkliflər paketi də hazırlanıb.

Şöbə müdiri bildirib ki, Azərbaycan tərəfi də təkliflər paketi hazırlayaraq seminarda səsləndirib. Nəticədə seminar təşkilatçıları həmin təklifləri ümumiləşdirərək bu sahədə görülən tədbirlər barəsində hazırlanac hesabata daxil edəcək: «Seminar öz növbəsində gələcəkdə yalnız ayrı-ayrı qurumların deyil, həmçinin bu sahədə fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının, o cümlədən bizim ölkəmizə gəldikdə RİTN, MTN, DİN, Baş prokurorluğun, Mərkəzi Bank yanında Maliyyə  Monitorinq Xidmətinin birgə əməkdaşlığı üçün yaxşı şəraitin yaradılmasına dəlalət edəcək və bunun da son məqsədi bu tipli cinayət əməllərinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi üçün şərait yaradacaq».
B.Məmmədov  Nazirlər Kabinetinin "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edilməsi haqqında qərarını da şərh edib.

Şöbə müdiri əvvəlcə deyib ki, bu məsələ «Telekommunikasiya haqqında» qanunun tələblərindən irəli gəlir. Belə ki, qanunda fövqəladə vəziyyət şəraitində rabitədən istifadə ilə əlaqədar xüsusi qaydalar hazırlanması nəzərdə tutulub.

Bu qaydaların da hazırlanmasına hələ 2005-ci ildən başlanıldığını söyləyən B.Məmmədovun sözlərinə görə, o zaman Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti şöbələrlə birlikdə belə bir qaydaların layihəsi hazırlanıb: «Nəzərə alaq ki, fövqəladə halın yaranması şəraiti və onun aradan qaldırılması bir neçə dövlət orqanının birgə fəaliyyətini əhatə etdiyindən bu sahədə mövcud olan normativ sənəd də həmin dövlət orqanlarının təkliflərini özündə ehtiva edirdi.

Ona görə də bu qaydaların hazırlanması zamanı layihə RİTN tərəfindən Nazirlər Kabinetinə göndərilmiş və Nazirlər Kabineti tərəfindən də aidiyyəti dövlət orqanlarına rəy və təkliflərini bildirmək üçün təqdim edilmişdi.

Onlar da öz rəy və təkliflərini verdikdən sonra Nazirlər Kabinetinin qərarı ilə də bu qaydalar qəbul edilib. İlk növbədə qeyd etmək lazımdır ki, müxtəlif telekommunikasiya şəbəkələri mövcuddur və bununla əlaqədar onlardan istifadə ilə bağlı üstünlük hüququna malik olan dövlət hakimiyyəti orqanları barəsində xüsusi fərman mövcuddur.

Bu fərman hansı telekommunikasiya şəbəkələrindən istifadəni və yaxud da onları dayandırmağı müəyyənləşdirən bir normativ sənəddir. Amma bu qəbul olunmuş «Fövqəladə hallarda rabitədən istifadə ilə əlaqədar xüsusi qaydalar» xüsusi mexanizm müəyyənləşdirir ki, fövqəladə şərait yarandıqda (bu da müxtəlif səbəblərdən ola bilər, istər təbii fəlakət nəticəsində, istərsə də bu və ya digər səbəblərdən) həmin ərazidə hansı formada telekommunikasiya şəbəkələri istifadə olunur.

Bundan əlavə, zərurət yaranarsa, milli operatorun sərəncamında olan vasitələrlə RİTN-in müəyyənləşdirdiyi formada bu və ya digər işlərin görülməsi, RİTN-in tabeliyində olan Teleradio İstehsalat Birliyinin infrastrukturundan istifadə edərək bu və ya digər telekommunikasiya şəbəkələrindən istifadə ilə bağlı tədbirlərin görülməsi, yəni bütün bu kimi məsələlər qəbul olunan qaydada öz əksini geniş şəkildə tapıb.

Zənnimcə, bütün normativ sənədlərin əsas məqsədi həmin sahədə, həmin şəraitdə məsələlərin nizamlanması, onların sistemləşdirilməsinin həyata keçirilməsi olduğu kimi, bu da ekstremal, fövqəladə hal şəraitində rabitədən istifadəni sistemləşdirən, onu nizamlayan bir qaydadır. Çox sevindirici haldır ki, artıq bu normativ hüquqi akt qəbul edilib.

Bu, mülkiyyət formasından asılı olmayaraq bütün təsisatlara icrası zəruri olan bir sənəddir. Onlar da ekstremal şəraitdə necə, hansı formada hərəkət etməli olduqlarını artıq bu qaydalar əsasında dəqiq biləcəklər və hər bir struktur öz vəzifə və funksiyalarını bu qaydalar vasitəsi ilə yetərincə dəqiq, dolğun şəkildə  icra edəcəklər».

Ölkədə ekstremal şərait yarandıqda FHN-in bilavasitə bu işlərin təşkilinə, onların əlaqələndirilməsinə məsul olan qurum olduğunu vurğulayan B.Məmmədov deyib ki, rabitə telekommunikasiya şəbəkələrinin idarə olunması, bu sahədə  siyasəti formalaşdıran, işləri təşkil edən xüsusi qurum isə RİTN-dir.

Onun sözlərinə görə, artıq fövqəladə hallarda telekommunikasiya sahəsində yaranan problemlərin tez bir müddətdə aradan qaldırılmasının səmərəliliyini həyata keçirmək üçün FHN ilə RİTN birgə fəaliyyət göstərəcəklər: «Götürək, onun texniki problemlərinin aradan qaldırılması üçün zəruri mütəxəssislərlə, avadanlıqlarla, bu sahədə fəaliyyət göstərən operatorlarla təminini. Aydın məsələdir ki, bu, bilavasitə RİTN-in fəaliyyət sahəsidir.

Qaydalarda da hər bir qurumun fəaliyyəti açıq-aydın göstərilib ki, birgə fəaliyyət nəticəsində qısa, tez, effektiv olaraq fövqəladə hal şəraitində yaranmış mürəkkəbliklərin aradan qaldırılması və orada rabitənin təmin olunmasına yönəlib. Bu istiqamətdə də birgə fəaliyyət öz effektiv nəticəsini verəcək. Ola bilər ki, bəzi hallarda müxtəlif kommunikasiya şəbəkələri fövqəladə hal rejimində olan tutumların hamısı cəlb edilə, istifadə oluna bilməsin, yaxud da tələbat daha çox olar.

Belə olan halda qəbul olunmuş qaydalar onu nizamlamağa imkan verir. Burada söhbət telefonların söndürülməsindən getmir. Söhbət ondan gedir ki, əgər kanalın sayı məhduddursa, orada göstərilir ki, ilk növbədə üstünlük hüququ vəziyyətin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən qurumlara verilməlidir.

Yəni ola bilər ki, bu və ya digər ərazidə yaranmış vəziyyət nəticəsində məhdud sayda istifadə oluna biləcək telekommunikasiya şəbəkəsi telefon ehtiyatları olsun. Bu da ilk növbədə fövqəladə halın aradan qaldırılmasına yönələcək. Ola bilər ki, bəzi istifadəçilərin rabitəsi məhdudlaşdırılsın. Bu qaydalar hazırlanarkən dünya təcrübəsinə istinad edilib».

Seymur Qasımbəyli





09/03/12    Çap et