Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalına hazırlaşır
Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları sürətlə innovativ iqtisadiyyatı formalaşdıracaq
Azərbaycan innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalına hazırlaşır. Bu məqsədlə artıq ölkədə yeni sənaye parklarının salınması ilə bağlı işlər aparılmaqdadır.
Belə ki, bu tədbirlərin nəticəsi olaraq, yaxın zamanda Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı (SKSP) fəaliyyətə başlayacaq. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2001-ci ilin dekabrında verdiyi sərəncama əsasən, SKSP-nin yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaqdır.
İnnovativ və yüksək texnologiyalar sahəsində sahibkarlıq dəstəklənəcək
Müvafiq qurumun fəaliyyətə başlaması innovativ və yüksək texnologiyalar sahəsində sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədlərini də daşıyır.
Ümumiyyətlə, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq. Sərəncama görə, SKSP-nin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətləri müəyyənləşdiriləcək.
Eləcə də burada çalışan müəssisələr üçün güzəştli kreditlərin verilməsi, eləcə də məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlər həyata keçiriləcək. Hələlik isə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili üçün onun yerləşəcəyi ərazilərdə mövcud olan köhnə qurğular sökülməli, torpaq istifadəyə yararlı vəziyyətə gətirilməlidir. Bundan başqa, orada xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması təmin olunmalıdır.
Bütün bunlarla yanaşı, orada ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Sadalanan bu tədbirlərin icrası da nazirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda, parkın fəaliyyətinin tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və s. də nazirliyin üzərinə düşür. Qarşıda duran ilk işlərdən biri də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, parkda yerləşəcək istehsal sahələrinin qurulması üçün icazə sənədlərinin alınmasıdır.
Texnologiyalardan istifadənin genişləndirilməsi Azərbaycana xarici investisiyaların cəlbini artıracaq
Bununla yanaşı, layihələrin hazırlanması, razılaşdırılması, infrastruktur təminatı və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə prezidentin sərəncamına əsasən, İqtisadi İnkişaf Nazirliyinin tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılacaq. Bu cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi bir sıra dövlət qurumlarına həvalə edilib. Belə ki, İqtisadi İnkişaf Nazirliyi cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi ilə məşğul olacaq.
Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, eləcə də cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi və s. işlər nazirliyin üzərinə düşür.
İqtisadi İnkişaf Nazirliyinin təklifləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu qurumun nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona edilən dəyişikliklərin təsdiq edilməsinə baxacaq. MMC-nin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi və s. kimi işlər də komitəyə həvalə olunub. Nazirlər Kabinetinə isə SKSP-nin fəaliyyəti üçün Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsinin İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsi həvalə olunub. Eyni zamanda, bununla bağlı NK tərəfindən prezidentə məlumat veriləcək.
Dövlət Neft Şirkəti isə kimya sənayesi potensialının artırılması, bu sahədə özəl müəssisələrin təşkili və yerli xammaldan rəqabət qabiliyyətli məhsullar alınması üçün işlər görməlidir. Bu məqsədlə şirkət İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə SKSP-də kimya sənayesinə aid istehsal və emal sahələrinin yaradılmasını və inkişaf etdirilməsini dəstəkləyən tədbirlər həyata keçirəcək. İlkin mərhələdə SKSP MMC-nin nizamnamə kapitalı ilə yanaşı, ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi də dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Ümumiyyətlə, bu fərmanın icrası ölkə üçün bir sıra əhəmiyyətli məqsədləri reallığa çevirəcək.
Belə ki, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsinin əsas göstəricisi kimi qiymətləndirilən sənaye parkları yeni məhsul istehsalının genişləndirilməsinə imkan verəcək. Sahibkarlığın inkişafına növbəti dövlət dəstəyinin təcəssümi olan bu fərmanla müasir texnologiyalardan istifadə daha da genişləndiriləcək. Bütün bunlar rəqabət qabiliyyətli məhsul istehsalının, ölkənin ixrac imkanlarının artırılması və Azərbaycanda xarici investisiyaların cəlb edilməsinə xidmət edir.
İnnovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkilində yeni dövr başlayır
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sənayeləşmə siyasəti nəticəsində hazırda ölkədə sənayenin inkişafı üçün əlverişli institusional və investisiya mühiti yaradılıb, müəssisələrin istehsal potensialı genişləndirilib, infrastruktur təminatı yaxşılaşdırılıb: "Respublika prezidentinin Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının yaradılması ilə bağlı ötən ilin dekabrında imzaladığı sənədlər sənayeləşmə siyasətinin uğurlu davamı olmaqla yanaşı, yeni məhsul istehsalının və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, rəqabət qabiliyyətli məhsul istehsalının və ölkənin ixrac imkanlarının artırılması, sahibkarlığın inkişafına növbəti dövlət dəstəyi, xarici investisiyaların cəlb edilməsi baxımından xüsusilə əhəmiyyətlidir".
Bəs mütəxəssislər yaradılacaq parkların fəaliyyəti barədə nə düşünürlər? Yerli ekspertlər bu qənaətdədirlər ki, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı innovativ iqtisadiyyatın formalaşmasını, iqtisadiyyatın modernləşməsini, sahibkarlığın inkişafını sürətləndirəcək. Bu parklar idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaq. Bu məqsədə nail olunmasında ölkə iqtisadiyyatına yönəldilən investisiyaların da rolu əsasdır.
Rəqəmlərə nəzər salsaq, təkcə 2011-ci ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ötən il ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib, hazırda 200-dən çox müəssisə tikilməkdədir.
Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması tələbi nəticəsində mexanizm və avadanlıqların idxalı isə 1,7 dəfə artıb. Azərbaycanda innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının yaradılmasına əsas verən başqa amillər də var.
Bunun üçün təkcə informasiya və kommunikasiya sahəsində əldə olunan nəticələrə diqqət etmək kifayətdir. Belə ki, ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilib, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılıb. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 20 ədədə çatıb, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olub.
Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılıb, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılıb. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilmiş bu kimi tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşıb, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənib, bölgələrə investisiya cəlbediciliyi artıb.
Bu da regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına şərait yaradıb. Regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac edilir ki, bu da bütövlükdə qeyri-neft ixracını artırıb.
İxracyönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində aparılan işlərin bir istiqaməti kimi, sənaye parklarının fəaliyyəti də ölkə iqtisadiyyatı üçün geniş imkanlar yaradacaq. Bir sözlə, bu gün Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı verilən müvafiq fərman və sərəncamlarla innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsi və sənayeləşmə sahəsində yeni dövr başlayır.
Həqiqət İSABALAYEVA
10/03/12 Çap et