Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kliniki Tibbi Mərkəzdə tibbi görüntüləri internet üzərindən izləmək imkanı yaradılıb
Azərbaycanda artıq tədris prosesində teletibdən istifadə olunur. Teletibb texnologiyasının tətbiqi sahəsində Səhiyyə Nazirliyi tərəfindən Kliniki Tibbi Mərkəzdə də bir sıra işlər görülüb. Belə ki, tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədi ilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompyuter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb. İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, Kliniki Tibbi Mərkəzdə informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə hələ 2008-ci ildə təmir-tikinti işləri zamanı başlanılıb. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompyuter şəbəkə sistemi qurulub. Mərkəzin 9 korpusu fiberoptik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılıb.
Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompyuteri əhatə edir. Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə “Picture Archiving and Communications Sistem” (PACS) altsistemi qurulub. Bu sistemin fəaliyyəti üçün “PACS” server qurulub. Üç ədəd “PACS” serverlər əməliyyat sistemi “Linux Suse 9” üzərindədir.
“PACS” server rentgen, angioqrafiya, kompyuter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir. Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir.
KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə “DİCOM 3.0” protokolu ilə işləyən xüsusi “DİCOM PRİNTER” quraşdırılıb. Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi “PC”(monitor) quraşdırılıb.
Qeyd edək ki, MDB üzv-dövlətlərinin uyğunlaşa bilən milli teletibb konsultasiya-diaqnostika sistemlərinin yaradılması sahəsində əməkdaşlıq barədə Memorandum və bu sistemlərin yaradılması, sonrakı inkişafı və istifadəsi sahəsində əməkdaşlıq barədə Razılaşma sənədlərinin hazırlanmasında Səhiyyə Nazirliyinin mütəxəssisləri 2008-ci ildən etibarən aktiv iştirak edir.
HƏQİQƏT
10/03/12 Çap et