Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” müsabiqəsi başlayır


Azərbaycanda mobil telefon cihazlarının satış bazarında istehlakçıların hüquqlarının təmin olunması üçün daha bir tədbirə start verilir. Belə ki, İKT İnformasiya Mərkəzi və “Mobitel” (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribütörü), “Caspian Telecom”  (HTC i Blackberry-nin Azərbaycanda distribütörü), İnteqral (Samsung Mobile şirkətinin Azərbaycanda rəsmi distribütörü) “Mobil telefonlar: Saxta cihazlardan özümüzü necə qoruyaq?” mövzusunda kütləvi informasiya vasitələri arasında müsabiqəyə başlayır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, müsabiqədə qəzet, jurnal, televiziya, radio, habelə internet media saytlarında yerləşdirilmiş məqalələr qəbul edilir. Məqalələrin qiymətləndirilməsi zamanı media-resursun Azərbaycanda nüfuzu və oxucularının sayı da nəzərə alınacaq. Müsabiqədə iştirak üçün məqalələri 15 aprel tarixinədək təqdim etmək üçün “info@media.az” elektron poçtuna və ya (070) 315 51 51-ə müraciət etmək olar.

  Radio və televiziya reportajlarının CD və ya fləş-kartlarda təqdim olunması zəruridir. Müsabiqə üzrə təklif olunan mövzulara gəlincə, “IMEI kodlar vasitəsilə saxta cihazları necə müəyyən etmək olar”, “Saxta mobil telefon alan istehlakçını hansı təhlükələr gözləyir”, “Rəsmi idxal olunmuş mobil telefonların üstünlükləri”, “Qeyri-leqal idxal olunan telefonları nə üçün almaq olmaz”, “Qeyri-leqal telefon almış istehlakçıları nə gözləyir”, “IMEI” kod nədir və onun qeydiyyatının əhali üçün üstünlükləri” mövzularına müraciət edilməlidir. Qaliblər ekspertlərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək.

Dörd ən yaxşı müəllif “Samsung Salaxy II”, “Nokia Lumia 800”, “Blackberry 9900” və “HTC Rhyme” smartfon modelləri ilə mükafatlandırılacaqlar. Müəlliflərin qiymətləndirilməsi zamanı məqalələrin sayı əlavə üstünlük hesab edilir. 
 
 
HƏQİQƏT





12/03/12    Çap et