“CeBIT 2012” sərgisindən bəzi yeniliklər
"İCTnews" elektron xəbər xidməti Almaniyanın Hannover şəhərində keçirilən sərgi çərçivəsində təqdim edilmiş bəzi yeniliklərlə tanış olmağı təklif edir.
Sərgidə "Acer" şirkəti bir sıra yeni məhsullar təqdim etdi. Onlardan biri "Blu-Ray" pleyerlərindən videonu "1080p" formatında əks etdirmək imkanına malik "Acer H6500" proyektoru idi. Digər xüsusiyyətlər sırasında 10000:1 ziddiyyət, 2100 "ANSI" lümen parlaqlıq və 16:9 formatının dəstəklənməsini qeyd etmək olar.
"Acer" şirkəti, həmçinin "Android 4.0 Ice Cream Sandwich" mobil əməliyyat sistemi ilə işləyən "CloudMobile" və "Liquid Glow" smartfonlarını təqdim edib. Birinci model 4,3 düymlü "HD" ekran, 1 Qb əməli yaddaş, 1,5 QHs (qiqahers) prosessor, "Dolby" musiqi sistemi, "USB" portu və "HDMI" birləşdiricisi (connector) ilə təchiz edilib. "Liquid Glow" smartfonu isə 800x4800 təsvir ölçülü 3,7 düymlü ekranı, 5 meqapikselli kamera, 1 QHs takt tezlikli prosessor və "NFC" modul ilə təchiz edilib.
"Acer" şirkəti, həmçinin "Timeline Ultra Aspire M3" ultrabukunu təqdim edib. Ultrabuk 15 düymlü ekranla təchiz edilib və korpusun qalınlığı cəmi 20 mm təşkil edir. Şirkət tərəfindən təqdim edilmiş "Timeline Ultra Aspire M3" ultrabukunda sürətli "Nvidia GeForce GT640M" diskret qrafikası mövcuddur.
Sərgidə təqdim edilmiş "Caterpillar CAT B10" smartfonu, həmçinin diqqətəlayiqdir. Smartfonun korpusu möhkəmdir, həmçinin davamlı şüşəyə malikdir. Bir sözlə, smartfon ekstremal şərait üçün nəzərdə tutulub. İstehsalçının sözlərinə görə, aparat suyun altında 30 dəqiqdən çox saxlanıla bilər. Bu halda isə heç bir ziyana məruz qalmır. Smartfon 3,2 düymlü sensor ekran, 5 meqapiksel matrisli kamera, 800 MHs (meqahers) takt tezlikli birnüvəli prosessor ilə təchiz edilib.
EMİL