Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovun "Connect" Ərəb Sammitində çıxışı


Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekkominikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan  "Connect" Ərəb Sammitində  iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi  TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair çıxış etmişdir.
 
BMT-nin "Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiya"sının üzvü və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi "Connect" ərəb sammitinin iştirakçıları arasında olmağımdan çox məmnunam.  
 
Fürsətdən istifadə edərək, Azərbaycan hökumətinin, eləcə də Azərbaycanın İKT cəmiyyətinin təşkilatçılara, sizin hər birinizə salamlarını və ən gözəl arzularını çatdırmaq istərdim. Biz, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ərəb Dövlətləri Liqası və Qatar hökumətinin İKT-nin, bütövlükdə sosial-iqtisadi inkişafı üçün yeni imkanları bir araya gətirən bu sammitin təşkili təşəbbüsünü yüksək qiymətləndiririk.
 
Bildiyiniz kimi, regionları birləşdirən və BTİ tərəfindən keçirilən əvvəlki iki sammit Afrikada və MDB-də baş tutub. Bundan əvvəlki sammit 2009-cu ildə Minskdə keçirilmiş və İKT dünyasının diqqətini özünə cəlb edən ənənəvi bir tədbirə çevrilmişdir. Ərəb dünyası dinamik şəkildə dəyişməkdədir, xüsusən də Körfəz ölkələrinə təsir göstərən sosial-iqtisadi inkişaf prosesində müəyyən irəliləyişlər əldə edilməkdədir.
 
Bununla yanaşı, qeyri-Körfəz və Afrika-Ərəb ölkələrində həll olunmamış, vacib əhəmiyyət kəsb edən sosial-iqtisadi problemlər də mövcuddur. Əgər İKT-nin iqtisadi artım, məhsuldarlıq və məşğulluqla birbaşa əlaqəsinin olmasını nəzərə alsaq, şübhəsiz, sammit, onun verdiyi nəticələr və kəşflər regionun rifahı üçün yeni imkanlar açmış olacaqdır.

Başqa bir regionun - Avrasiyanın, Ərəb dünyasına birbaşa qonşu ölkənin nümayəndəsi kimi biz də əsas etibarilə, İKT-nin inkişafı ilə əlaqədar eyni problemlərlə qarşılaşırıq.
 
Qlobusa nəzər salsaq, o zaman planetin iki yüksək səviyyədə inkişaf etmiş hissəsini - inkişaf etmiş qərb dünyası - Şimali Amerika, Qərbi Avropa və Yaponiyadan Yeni Zelandiyaya qədər çox sürətlə inkişaf etməkdə olan Koreya, Çin, Hindistan, Avstraliya, Malayziya və başqa ölkələr daxil olmaqla, Asiya-Sakit okean ölkələrini görərik. Avrasiya və Ərəb regionundan ibarət olan dünyanın iki hissəsi arasında yalnız İKT sahəsində deyil, eləcə də təhsil, elm, iqtisadi və sosial sahələrdə böyük boşluq vardır.
 
Bu problem bütün səviyyələrdə, beynəlxalq səviyyədə, Beynəlxalq Telekommunikasiya İttifaqı , Regional Rabitə Birliyi, hökumətlər, eləcə də ekspertlər və akademik səviyyəsində ardıcıl şəkildə araşdırılmış, müzakirə edilmişdir. Problemin həll olunması üçün təklif olunan bütün rəy və tövsiyələr diqqətimizi aşağıdakı məsələlərə yönəldir:
 
Regionda yüksək qiymətlərin olması və xariclə zəif qoşulma imkanları;

Elektron-təhsil, elektron-səhiyyə, elektron-kommersiya və s. kimi tətbiq sahələri daxil olmaqla zəif rəqəmsal xidmətlər;

Birbaşa xarici investisiya daxil olmaqla, investisiya üçün əlverişli olmayan şərait və rəqabət üçün səmərəli mühitin olmaması;

İxtisaslı kadrların kifayət qədər olmaması ilə nəticələnən aşağı keyfiyyətli təhsil sistemi;

Sonuncu məsələ ilə əlaqədar bəzi həmkarlar mənimlə razılaşmaz ki, müsbət və mənfi nəticələr verən təbii ehtiyatların, başlıcası neft və qazın zəngin olması məsələsidir.

Azərbaycanda və regionun bir çox ölkələrində biz bu problemin həll olunmasında intensiv işlər gördük. Ölkəmizdə "Evə Fiber", kiber təhlükəsiz e-hökumət, rəqəmsal radio və TV yayım, kosmik texnologiyanın inkişafı və s.-a əsaslanan genişzolaqlı infrastrukturun yaradılmasına dair dövlət proqramımız var.

Hökumət növbəti 10 il ərzində İKT layihələri üçün 3.5 milyard dollar xərcləməyi planlaşdırır. Bu vəsaitin çox hissəsi özəl sektorun payına düşür. Özəl sektorun rolunu genişləndirmək məqsədilə biz xüsusi təkmilləşdirilmiş maddi, maliyyə və investisiya mühitini yaradırıq.

Nəinki Avrasiya, həmçinin Ərəb regionunda da qlobal şəbəkəyə  yüksək səviyyədə qoşulmanı təmin etmək üçün görülməsi vacib olan işlər və  regionlararası informasiya dəhlizləri haqqında qısa da olsa, məlumat vermək istəyirəm.      
 
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan birinci layihə Avropanı Asiya-Sakit regionu ilə birləşdirən "Trans -Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsidir. 2009-cu ildə layihə BMT-nin Baş  Assambleyasının 64-cü siyasi qətnaməsi ilə dəstəklənib və icrası istiqamətində işlər görülür. İkinci layihə Rusiya, Azərbaycan, İran və Omanı əhatə edən Körfəz ölkələri üzərindən Avropaya qoşulan EPEG (Avropa-Asiya İnformasiya Magistralı) adlanan layihədir.
 
Ümumiyyətlə, nikbin şəkildə vurğulamaq lazımdır ki, bu günki sammit artıq öz nəticəsini vermişdir. Gündəlikdə göstərilmiş bütün problemlər hamı tərəfindən müzakirə olundu. Hər kəs fikrini, rəyini bildirdi, həmçinin ikitərəfli və çoxtərəfli iclaslar üçün imkan yaradıldı. Ölkələrin və hökumət başçılarının iştirakı, eləcə də Qatar Dövlətinin Əmiri, əla-həzrət Şeyx Həməd bin Xəlifə Əl-Thaninin şəxsən iştirak etməsi bizim gələcək planlarımıza və müvəffəqiyyətimizə böyük stimul verdi.
 
Biz təşkilatçılara, Qatar Hökumətinə, Ərəb Ölkələri Liqasına, xüsusi olaraq, intellektual gücə malik olan, eləcə də dünyanı hər hansı ayrı seçkilikdən, o cümlədən rəqəmsal fərqdən qorumağa çalışan BTİ-nin Baş Katibi, cənab Həmədan Tureyə də dərin təşəkkürümüzü bildiririk.
 
Diqqətinizə görə təşəkkür edirəm.
 
 
 
 
 
 
 





13/03/12    Çap et