Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşğulluq siyasətində innovasiyaların tətbiqi genişləndirilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramının Bakıdakı  nümayəndəliyi və Norveçin «SYSLAB» şirkətinin birgə əməkdaşlığı ilə 2011-ci ildən etibarən «Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı» layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində keçən il Bakı şəhər Məşğulluq İdarəsində açılışı olan “SYSLAB Bakı” Mərkəzi ötən dövr ərzində 120 nəfər işsiz və iş axtaran şəxsə təlim dəstəyi göstərib.

Mərkəzin fəaliyyətində əsas məqsəd işsiz və işaxtaran şəxslərin iş axtarma bacarıqlarını inkişaf etdirməklə, dövlətin həyata keçirdiyi məşğulluq siyasətində innovasiyanın inkişafına töhfə vermək və iş axtaranları əmək bazarına inteqrasiya etmək məqsədi daşıyır. Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, martın 13-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura arasında keçirilən görüşdə bu məsələlər bir daha müzakirə olunub. Görüşdə Norveç Krallığının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Erlinq Şönsberq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Xaliq İlyasov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli də iştirak ediblər.

“Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı”na gəlincə, burada ilkin olaraq iştirak etmək üçün 40 nəfər işaxtaran şəxs müsahibə yolu ilə seçilərək layihəyə cəlb olunub. Onlara motivasiya,  təqdimatlar keçirmək bacarıqları, komanda işi, fərdi bacarıqların təhlili, telefon danışığı texnikaları, CV və rezume yazılışı, müsahibə bacarıqları üzrə təlimlər keçirilib.

Layihə müddətində müxtəlif özəl və dövlət müəssisələri ilə əlaqələr qurulub, dəvət olunmuş ekspertlər və təlimçilər iştirakçılarla görüşlər keçirib, ayrı-ayrı qurumlarla əlaqələr yaradılaraq iştirakçılar işlə təmin olunublar. Həmçinin, iştirakçılar Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən Əmək yarmarkalarında iştirak edib, beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan təhsil və karyera sərgilərinə səfər ediblər.

Layıhənin birinci mərhələsində 36 iştirakçıdan 29 nəfəri işlə təmin olunub, 4 nəfər iştirakçı isə öz xahişləri ilə müxtəlif şəxsi və ailə məsələləri səbəbindən layihədən ayrılıblar. İştirakçılar öz profillərinə uyğun müxtəlif sahələr üzrə özəl və dövlət müəssisələrində iş tapmağa müvəffəq olublar. Onlardan hətta şəxsi biznesini inkişaf etdirənlər də olub.
 
HƏQİQƏT





13/03/12    Çap et