Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Anar Məmmədov: “Vətənimizin təbliğində yeni texnologiyalardan istifadə etməliyik”
"Gülüstan" sarayında keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələri, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edib. Təşkilatlar sırasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansını (AAA) təsisçi Anar Məmmədov təmsil edib. Qurultay 3 panel üzrə müzakirələr formatında keçirilib.
“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilən paneldə çıxış edən AAA-nın təsisçisi Anar Məmmədov qurultay iştirakçılarına müasir informasiya texnologiyalarının tətbiqinin önəmliliyini qeyd edib və təsis qurultayının əhəmiyyətini vurğulayıb: “Bu gün Azərbaycan həqiqətlərini, vətənimizin problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq bizim hamımızın borcudur. Zəmanə dəyişir, texnologiyalar inkişaf edir, yeni kommunikasiya kanalları yaranır və biz ölkəmizin təbliğatı zamanı yeni təbliğat üsullarından və texnologiyalarından istifadə etməliyik”.
“2 həftə öncə Xocalı soyqırımının 20 illiyi münasibətilə Azərbaycan-Amerika Alyansı olaraq bizdə ABŞ-da həyata keçirdiyimiz geniş təbliğat kampaniyası zamanı yeni kommunikasiya kanallarından geniş istifadə etdik. “Pop-up”lar, küçə reklamları yerləşdirdik, sosial şəbəkələrdən geniş istifadə etdik.
Biz daha kreativ üsullardan istifadə etməklə daha çox kütləyə çıxa bilərik. Mən əminəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün azərbaycanlı gənclərin bu yöndə səylərini birləşdirəcək” - deyə alyansın təsisçisi Anar Məmmədov bildirib.
Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.
13/03/12 Çap et