Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması 2015-ci ildə planşet bazarında liderliyi ələ keçirə bilər
“IDC” tədqiqat şirkətinin analitiklərinin proqnozlarına görə, “Google” şirkətinin “Android” platforması ilə işləyən və satılmış planşet kompyuterlərinin sayı 2015-ci ildə “Apple”-ın “iOS” əməliyyat sistemi ilə işləyən və satılmış planşetlərinin sayını ötəcək.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2016-cı ildə planşet istehsalçıları 198 milyondan çox qurğu satacaqlar. Həmin qurğuların 100,8 milyondan çoxu “Android”, 94,7 milyonu isə “iOS” platformasında işləyəcək.
Analitiklərin məlumatına görə, “Apple” şirkəti 2011-ci ilin dördüncü rübündə planşet kompyuter bazarının lideri olub. Şirkət bu rüb ərzində 15.4 milyon “iPad” planşeti tədarük edib və bazarın 55%-nə nəzarət edib. İkinci yerdə 16,8% bazar payı ilə “Amazon” internet-şirkəti qərarlaşıb. Üçüncü yerdə isə 5,8% bazar payı ilə Cənubi Koreyanın “Samsung” şirkətidir.
“IDC” analitik şirkətinin məlumatına görə, planşet istehsalçıları ümumilikdə 2011-ci ilin nəticəsinə görə, 68,7 milyon qurğu satıblar. Proqnozlara görə, 2012-ci ildə təxminən 106,1 milyon planşet kompyuteri satılacaq.
EMİL
14/03/12 Çap et