Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfrans keçiriləcək
12-14 sentyabr 2012-ci il tarixlərdə Bakıda “Kibernetika və informatika problemləri” (PCI’2012) IV Beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutudur.
İnformasiya və kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, modelləşdirmə və identifikasiya, ədədi üsullar və hesablama texnologiyaları, tətbiqi stoxastik analiz, idarəetmə və optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi tədbirin əsas elmi istiqamətlərindəndir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək konfransda ABŞ, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən olan aparıcı alim və mütəxəssislər iştirak edəcək.
15/03/12 Çap et