Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan və Azərbaycan İT sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar


Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin insan resurslarının inkişafı, kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibal ilə görüşüb.

AzərTac-ın məlumatına görə, görüşdə diplomat Azərbaycanın Hindistan ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, o cümlədən qeyri-enerji sahəsindəki nailiyyətləri diqqətə çatdırıb.  

Səfir Azərbaycanın informasiya texnologiyaları sahəsində Hindistan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib və bu sahəni əhatə edən hüquqi sənədlərin imzalanmasının vacibliyini vurğulayıb.

Diplomat Azərbaycanın informasiya texnologiyaları üzrə mütəxəssislərinin Hindistanda təşkil olunan informasiya texnologiyaları üzrə kurslarında iştirakının qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini bildirib. İ.Hacıyev Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun hindistanlı həmkarı K.Sibalı BakuTel-2012 Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə dəvətini Hindistan tərəfinin diqqətinə çatdırıb.

Öz növbəsində hindistanlı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında, iqtisadi əməkdaşlığın genişləndirilməsində, müasir informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə reallaşan, qonşu və Avropa ölkələri və BMT tərəfindən dəstəklənən Şərq ilə Qərbi birləşdirən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM), Azərbaycanın 2012-ci ildə orbitə buraxacağı süni telekommunikasiya peyki barədə məlumat maraqla qarşılanıb.
 





15/03/12    Çap et