Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nikolya Sarkozi internet-nəhənglərdən vergi almağı təklif edib


Fransa prezidenti Nikolya Sarkozi “Google”, “Facebook”, “Twitter” və s. kimi  internet-nəhənglərdən vergi almağı təklif edib. "Şirkətlər" Fransada milyardlarla avro qazanırlar və vergi ödəmirlər. Bu, yanlışdır.” - Sarkozi belə hesab edir. Onun sözlərinə görə, yalnız Fransada deyil, bütün Avropa Birliyi ərazisində bunu tətbiq etmək lazımdır.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ildə Fransanın qanunverici orqanları internet-reklamlardan vergi almaq planından imtina ediblər.

Həmçinin “Google” şirkətinin nümayəndəsi vergi ödənilməsi haqqında öz fikrini bildirərək qeyd edib ki, Fransada internet sayəsində xeyli iş yeri yaranıb. Analitik hesabat məlumatlarına əsasən, “Google” internet-şirkəti 2009-cu ildə yerli iqtisadiyyata 75 milyard dollar qazandırıb, 2015-ci ilədək isə onlar tərəfindən təxminən 450 min iş yeri yaradıla bilər.

Axtarış nəhənginin nümayəndəsinin fikrinə görə, hökumət internet-şirkətləri dəstəkləməlidir. Bu isə öz növbəsində, investisiyaların həcmini artırmağa imkan verəcək.
 
EMİL





15/03/12    Çap et