Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏƏSMN 12 yeni elektron xidmət tətbiq edəcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə əhalisi üçün çeşidli elektron xidmətlər göstərilir. Bu xidmətlər bir sıra sahələrdə, əsasən də məşğulluq, dövlət müfəttişliyi, ünvanlı sosial yardımlar və tibbi sosial ekspert komissiyası sahələrinə aiddir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.

O bildirib ki, elektron xidmətlərin çeşidliyinə baxmayaraq nazirlik əlavə olaraq 12 adda xidmət hazırlayaraq təqdim edib: «Bunun da daha çox hissəsi məşğulluq xidmətinə aiddir.  Bu sahənin xidmətlərinin bir qismi hazırda işlək vəziyyətdədir. Digərlərinin üzərində də artıq işlər aparılır».

ƏƏSMN-ə əhali tərəfindən daim elektron qaydada müraciətlərin göndərildiyini vurğulayan A.Əliyev deyib ki, göndərilən elektron məktublar birbaşa olaraq serverə daxil olur və buradan da aidiyyəti şöbələrə yönləndirilir: «Aidiyyəti şöbələr də vətəndaşların müraciətlərinə təxirə salınmadan baxır və onları cavablandırır. Yeri gəlmişkən qeyd edim ki, elektron xidmətlərin göstərilməsi nazirliyin iş prosesinə də çox böyük müsbət təsir göstərir. Bununla yanaşı, mən qeyd etmək istəyirəm ki, elektron xidmətlərin göstərilməsi birbaşa vətəndaşların özlərinə xeyirlidir.

Ona görə ki, hər bir vətəndaşın istər rayon mərkəzlərindən, istərsə də ucqar dağ kəndlərindən durub nazirliyə gəlməsinə artıq ehtiyac qalmayıb. Onlar internetdən istifadə edərək birbaşa nazirliyə elektron müraciətlər edə bilir və onlara da cavab ala bilir.

Bu da həm nazirliyin, həm də vətəndaşların işlərində müəyyən yüngülləşməyə gətirib çıxarıb. Nazirliyin əməkdaşları da vətəndaşlarla birbaşa təmasda olmadan onların bütün sual və müraciətlərinə cavab verirlər. Bizim nazirliyə elektron xidmətlərlə yanaşı, poçt vasitəsi ilə də müraciət etmək mümkündür.

Yəni vətəndaş istənilən sənədləri poçt vasitəsi ilə rayon sosial müdafiə mərkəzinə və ya nazirliyə göndərə bilərlər. Çünki elə insan ola bilər ki, yaşlı olsun və internetdən istifadə edə bilməsin. Onlar poçt xidmətlərindən istifadə edərək sənədlərini lazımi qaydada nazirliyin istənilən şöbəsinə təqdim edə və cavab ala bilərlər».
 
SEYMUR





16/03/12    Çap et