Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir neçə şirkət “PayPoint” ödəniş sisteminə qoşuldu


Mart ayından etibarən "Avirtel", "Ailə TV", "Ailə Net", "KATV1" (Kabel TV və İnternet) və "Megatelecom" şirkətlərinin müştəriləri "PayPoint" ödəniş terminalları və ödəmə məntəqələri vasitəsilə öz balanslarını artırmaq və borclarını ödəmək imkanı əldə ediblər.

"GoldenPay" şirkətindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə,  bu operatorların abunəçilərinin xidmətinə 400-dən artıq terminal və 1000-dən artıq ödəmə məntəqəsi verilib.

Ödənişi həyata keçirmək üçün "PayPoint" köşklərinin birinin displeyində müvafiq bölməyə ("İnternet" və ya "Kabel televiziyası") daxil olmaq, öz operatorunu seçmək, loqin və ya müqavilə nömrəsini göstərmək və zəruri miqdarda pul yükləmək lazımdır. Göstərilən nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz veriləcək.

Xidmətlərinin "PayPoint" servisi vasitəsilə ödənişləri həyata keçirilə bilən operatorların siyahısı daima artır və MKT xidmətləri də daxil olmaqla 30-dan yuxarı təşkilatı əhatə edir. Ən yaxın gələcəkdə "PayPoint" servisi bank kreditlərinin ödənişlərini və depozit artırılmalarını, habelə dövlət təşkilatlarına ödənişləri də qəbul edəcəkdir. Perspektivdə bank kartları vasitəsilə ödənişlərin tətbiq edilməsi də planlaşdırılır.

"PayPoint" köşkləri vasitəsilə elektrik, qaz, su, stasionar telefonlar üzrə hesabları ödəmək, bütün mobil operatorların telefonlarının, "Kabel TV" operatorlarının və internet provayderlərinin balansını artırmaq mümkündür.

Qeyd edək ki, "PayPoint" ödəmə köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşdirilib.


CAHANGİR





16/03/12    Çap et