Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Aztelekom" İB-də qanvermə aksiyası keçirildi


"Aztelekom" İstehsalat Birliyində talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirildi. Aksiya "Aztelekom" İstehsalat Birliyində çalışan gənc rabitəçilər – Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Tbilisi prospekti, 3166-cı məhəllə ("Aztelekom") ilk təşkilatının gənc üzvlərinin  təşəbbüsü ilə təşkil olunub.

Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada 50-yə yaxın könüllü donor olaraq qan vermişlər.

Tədbiri "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov qısa giriş nitqi ilə açaraq dedi ki,  Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edir,  yaşı 18-dən, boyu 160 santimetrdən, çəkisi 55 kiloqramdan yuxarı olan, təzyiqi aşağı olmayan, cərrahiyə əməliyyatı keçirməyən və hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər. M.Məmmədov bildirdi ki, bu qanvermə aksiyasında məqsəd idarənin əməkdaşları arasında bu xəstəliyə diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanla köməklik göstərməkdir.

“Çox sevindirici haldır ki, əməkdaşlarımız qanvermə aksiyasına böyük həvəslə qoşulub, talassemiyalı uşaqların normal yaşamasını təmin etmək üçün dəstəklərini əsirgəməyiblər.

Bu təşəbbüsün davamlı olması, sözsüz ki, respublikamızda  mövcud olan belə bir problemin qarşısının alınmasına müsbət təsirini göstərə bilər”- deyən Məhəmməd Məmmədov digər idarə və təşkilatları da bu aksiyaya qoşulmağa çağırdı.

Birliyin əməkdaşları bu kimi aksiyaların keçirilməsində yaxından iştirak etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək qanvermə aksiyasında iştiraklarından, xəstə uşaqlara dəstək olmalarından qürur duyduqlarını vurğuladılar.


RƏVAN





16/03/12    Çap et