Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il Bakıda 23 sərgi və konfrans keçiriləcək
Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayından etibarən başlayacaqdır. Ümumilikdə ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans keçiriləcək.
“Iteca Caspian” şirkətindən bildiriblər ki, sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi – aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan “AITF” 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi açacaq. Bu sərgidə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcəklər. Eyni zamanda, “Horex-2012” 6-cı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi də AITF ilə bir meydançada yerləşəcək.
May ayının 15-dən 17-dək keçiriləcək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi - “WorldFood Azerbaijan” artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distribüterlərin liderlərini bir araya toplayacaq. “WorldFood Azerbaijan” sərgisi ilə eyni zamanda “Agrihort Azerbaijan 2012” 6-cı Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisi və “Plastex Caspian” 2-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi də keçiriləcək. Bundan əlavə, həmin günlərdə “Ipack Caspian” Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgisinin də debütü baş tutacaq.
Hər il dünya energetika cəmiyyətinin diqqətini cəlb edən əsas sərgi hadisəsi - “Caspian Oil & Gas” 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası sərgisi isə iyunun 5-dən 8-dək keçiriləcək. Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 300-dən çox şirkət iştirak edəcək.
Hər il sərginin işini müşayiət edən ənənəvi “Caspian Oil & Gas” konfransı isə iyunun 6-7-də keçiriləcəkdir.
Ötən il uğurlu debütü etmiş “Caspian Power 2012” 2-ci Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi də iyunun 5-dən 8-dək baş tutacaq.
İyunun 13-dən 15-dək isə “TransCaspian-2012” 11-ci Beynəlxalq nəqliyyat, tranzit və logistika və “Road & Traffic 2012” 2-ci Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgiləri keçiriləcək. Sərgilərin işgüzar proqramının əsas hadisəsi isə iyunun 14-də Bakı Sərgi mərkəzində keçiriləcək “Dəniz limanları və su daşımaları” – 2-ci Beynəlxalq nəqliyyat konfransıdır.
Sərgi mövsümünün sentyabr ayında başlanacaq ikinci yarısında isə “Education and Career”, 6-cı Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi, “BIHE” 18-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi , “Stomatology Azerbaijan” 7-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisi, “Beauty Azerbaijan” 6-cı Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi, “BakuBuild” 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi, “Aqua-Therm Baku” 3-ci Beynəlxalq istilik, havalandırma və kondisionerləşdirmə sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji sərgisi, “Caspian MebelExpo” 10-cu yubiley Xəzər Beynəlxalq mebel, interyer və dizayn sərgisi, “CIPS Caspian” 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi və “BakuTel” 18-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı kimi ənənəvi sərgilər keçiriləcək.
Bu ilin Azərbaycan Prezidenti tərəfindən “İdman ili” elan edilməsi ilə əlaqədar olaraq, “SportExpo 2012” 1-ci Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi mövsümün ikinci yarısının debütü olacaqdır.
Qeyd edək ki, 2012-ci ilin sərgi mövsümü bir sıra yeniliklərlə fərqlənəcəkdir. Belə ki, bu il ilk dəfə olaraq eksponentlərin və ziyarətçilərin rahatlığı üçün “QR kod” sistemi (“operativ cavab”) tətbiq olunacaqdır.
“Iteca Caspian” sərgilərinin bütün çap və reklam məhsullarında yerləşdiriləcək “QR kod” (xüsusi qrafik şəkil) sayəsində mobil qurğulardan istifadə etməklə sərgilər haqqında məlumatlara sürətli keçid almaq mümkün olacaqdır.Təşkil olunan bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən rəsmi dəstəklənir.
27/03/12 Çap et