Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyasının həmtəsisçisi telefon hakerinin qurbanı olub
Pensilvaniya ştatında yaşayan fırıldaqçı “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allenin bank hesabını milyarderə xidmət göstərilən “Citibank”-a bir neçə dəfə zəng etməklə ələ keçirə bilib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, fırıldaqçının şəxsiyyəti təyin edilib. O, ABŞ ordusunun hərbi qulluqçusu Brendon Li Praysdır. Brendon Li Prays yanvar ayında “Citibank”a zəng vurub və bankın əməkdaşlarını Allenin hesabı ilə əlaqəli poçt ünvanını dəyişdirməyə inandıra bilib. Prays ünvan kimi Sietl əvəzinə Pitsburq (Pensilvaniya ştatı) göstərib.
O, 3 gündən sonra yenidən bankla əlaqə saxlayıb. Prays bildirib ki, debet kartını itirib və onu yeni ünvana yollamağı xahiş edib.
Pol Allenin bank hesabına çıxış imkanına malik kartdan istifadə edən Prays “Western Union” sistemi vasitəsilə 15 min ABŞ dolları həcmində pul köçürməsi həyata keçirib. Fırıldaqçının Pol Allenə vurduğu ziyanın ümumi məbləği 15936 ABŞ dolları təşkil edib.
“Citibank” əməkdaşları baş vermiş saxtakarlıq faktını aşkar etmiş və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar. Prays martın 2-də həbs edilib. Artıq o, həbsdədir və onun işinə hərbi məhkəmədə baxılacaq.
Məlumat üçün bildirim ki, Pol Allen 1975-ci ildə uşaqlıq dostu Bill Qeyts ilə birgə “Microsoft” şirkətinin əsasını qoyublar. Allen 1986-cı ildən etibarən “Vulcan” investisiya şirkətinə malikdir. “Forbes”-in hesablamasına görə, hazırda Pol Allenin varidatı 14,2 milyard dollar təşkil edir.
EMİL
28/03/12 Çap et