Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron poçt hələ də onlayn ünsiyyətin ən məşhur formatı olaraq qalır
Sosial şəbəkələrin sürətli inkişafına baxmayaraq, elektron poçt hələ ki onlayn ünsiyyətin ən məşhur formatı olaraq qalır. Bu barədə “Ipsos” tədqiqat şirkəti məlumat verib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Ipsos” tədqiqat şirkətinin keçirdiyi sorğuda dünyanın 24 ölkəsindən 19 mindən çox respondent iştirak edib. Sorğu nəticəsində məlum olub ki, onların 85 faizi internetdən elektron poçtla işləmək, 62 faizi isə sosial şəbəkələrdə ünsiyyət saxlamaq üçün istifadə edirlər.
Eyni zamanda, analitik Kiren Qottfridin sözlərinə görə, hazırda əksər internet-istifadəçilərin sosial şəbəkələr vasitəsilə əlaqə saxlamaları mühüm faktdır.
Bundan əvvəl “comScore” analitik şirkətinin araşdırmasına görə, ABŞ-da istifadəçilər poçt xidmətlərində daha az vaxt keçirirlər, sosial şəbəkələrin populyarlığı isə əksinə, artır.
İnternetdən istifadə edilmə isə ölkədən-ölkəyə fərqlənir. Məsələn, Macarıstanda 94 faiz, Səudiyyə Ərəbistanında isə yalnız 36 faiz respondent internetə elektron poçtu yoxlamaq üçün qoşulur.
Hazırda “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir.
Onun auditoriyası 845 milyona bərabərdir. Bununla belə, “Facebook” sosial şəbəkəsi də “e-mail”-in istifadəçi üçün əhəmiyyətini təsdiq edir; 2010-cu ilin noyabrında sosial şəbəkə elektron poçt, internet-messencer və “SMS”-i birləşdirən “Facebook Messages” mesajlarla mübadilə əlavəsini təqdim edib.
EMİL
28/03/12 Çap et