Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika peyki Yerə düşdü


ABŞ-ın ilk peyklərindən biri, 1960-cı il noyabrın 3-də buraxılmış “Explorer 8”  elmi peyki orbitdə yarım əsr qaldıqdan sonra çərşənbə günü atmosferin sıx qatlarına daxil olub.

ABŞ-da buraxılmış 8-ci kosmik aparat olan “Explorer 8” peykinin çəkisi cəmisi 40,9 kiloqram idi və o, ionosferdə 400 km-dən 1,6 min km-dək hündürlükdə elektronların sıxlığının və enerjisinin ölçülməsi üçün nəzərdə tutulmuşdu. Bundan əlavə, peykin cihazları mikrometeoritləri qeydə alıb.

Aparat cəmisi 54 gün, 1960-cı il dekabrın 27-dək, onun civə batareyası qurtaranadək işləyib. Bu peykdən əldə edilən elmi məlumatlar xüsusilə Yer atmosferində helium qatını aşkar etməyə imkan verib.

“Explorer 8” Yer orbitində qalmış ən “qədim” peyk deyil. Belə ki, kosmosda indiyə qədər Amerikanın 1958-ci il martın 17-də buraxılmış “Vanguard 1” peyki qalmaqdadır.
 
EMİL
 





28/03/12    Çap et