“Google” şirkəti istifadəçilərin şəxsi statistikası xidmətini təqdim edib
2012-ci il martın 28-də "Google" korporasiyası istifadəçilərin şəxsi statistikası xidmətini təqdim edib. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat verilib.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, xidmət istifadəçinin "Google"-un bəzi məhsullarında göstərdiyi fəallıq haqqında aylıq hesabat hazırlayacaq. Məsələn, korporasiyanın "Gmail" məhsulu üçün hesabat dövründə göndərilmiş məktubların sayı və ən çox məktub göndərilmiş elektron poçt ünvanları əks olunacaq.
Təqdim edilmiş yeni xidmət "Gmail" elektron poçt xidmətindən savayı, axtarış sistemini, "YouTube" videohostinqini, "Picasa" fotohostinq xidmətini və "Latitude" geolokasiya xidmətini əhatə edir. İstifadəçi statistikanı sazlamalarda və ya
bu səhifəyə keçid etməklə aktivləşdirə bilər.
Bundan sonra "Google" şirkəti istifadəçinin elektron poçt ünvanına hər ay hesabatla bağlı keçid göndərəcək. Korporasiya nümayəndələri qeyd ediblər ki, təqdim edilmiş informasiya sayəsində məsələn, kibercinayətkarların hesaba çıxış imkanı əldə edib-etmədiyini öyrənmək mümkün olacaq.
Bunun üçün istifadəçi hesabına girişin həyata keçirildiyi şəhər və veb səyyahların siyahısını yoxlamalı olacaq. Şübhəli fəallıq aşkar edildikdə "Google" şifrəni dəyişdirməyi tövsiyə edəcək.
EMİL