Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SİVECO” şirkətinin nümayəndələri RİTN-də olub


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir müavini Elmir Vəlizadə ilə Rumıniyanın iri proqram təminatçısı hesab edilən  "SİVECO" şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə adıçəkilən şirkətin vitse-prezidentinin müavini Aleksandr Kosbuk bildirib ki, Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində çox böyük işlər görülüb və bu da vətəndaşların gündəlik həyatlarına müsbət təsir göstərəcək.

Təmsil etdiyi şirkətin 2007-ci ildən Azərbaycanla əlaqə qurduğunu və müəyyən layihələr həyata keçirdiyini vurğulayan A.Kosbuk deyib ki, "SİVECO" şirkəti Şərqi Avropanın ən böyük proqram təminatçılarından biridir: «Bizim ölkə səviyyəsində proqram təminatı hazırlamaq təcrübəmiz var və öz proqramlarımızı Rumıniyanın İnformasiya Kommunikasiya və Texnologiyaları Nazirliyinə təqdim etmişik.

Onların arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrini əhatə edən proqram təminatları var».
Azərbaycanla Rumıniya arasında münasibətləri daha da genişləndirməyə çalışdıqlarını vurğulayan qonaq deyib ki, bəzi sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri mümkündür: «Bunlardan biri də «Biliyə əsaslanan iqtisadiyyat» konsepsiyasıdır. Bu, elə bir proqramdır ki, dövlət qurumları arasında əlaqə yaradır, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər və Səhiyyə nazirliklərini bir araya gətirir».

Nazir müavini Elmir Vəlizadə  bildirib ki, Rumıniya ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. O, hazırda  Rumıniyanın digər bir şirkəti – "MTİ"-la danışıqlar aparıldığını deyib: «İki şirkətlə fikir mübadiləsi aparıla bilər. "SİVECO"-nun Azərbaycanda müəyyən bir təcrübəsi var. Buna müsbət təcrübə kimi baxıla bilər. Azərbaycana müasir texnologiyaların cəlb edilməsi bizim üçün çox önəmlidir. Bu istiqamətdə də «açıq qapı» siyasəti həyata keçirilir.

Yəni yeni texnologiyaların Azərbaycana gətirilməsi üçün bizə dost olan ölkələrlə əməkdaşlığa hazırıq. Rumıniyanın da Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan sizinlə əməkdaşlıq etmək bizim üçün maraqlı olar. Azərbaycan şirkətləri ilə əməkdaşlığın  yaradılması, onlarla təcrübə mübadiləsinin aparılması məqsədəuyğundur».

Məlumat üçün bildirək ki, "SİVECO" şirkəti regionun ən böyük koordinatorudur.  Hazırda şirkətdə 1200 işçi çalışır. "SİVECO" Avropa Komissiyası ilə birgə layihələr həyata keçirir. Bu günə qədər 100-dən çox mükafat alıb. Şirkətin neft, qaz və nüvə sahəsində yaratdıqları proqram təminatı ilə tanınır.
 
Seymur QASIMBƏYLİ





29/03/12    Çap et