Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

CON FON NEYMAN - Hesabı kompyuter qədər dəqiq, cəld bilən alim, idmana nifrət edən dahi


Kompyuter texnikasının inkişafında xüsusi rola malik Con Fon Neyman 1903-cü il, dekabrın 28-də Budapeştdə anadan olub. O, bir çox riyaziyyat və fizika nəhənglərinin çıxdığı yüksək təbəqəyə malik macar nəslindən olub.

Atası bankir Maks Neyman Habsburq sülaləsinə mənsub olub və  xüsusi hörmətə malik olub. Yanoş (C.F.Neymanı uşaqlıqda belə adlandırırdılar) onun üç oğlundan ən böyüyü olub. Hələ kiçik yaşlarından Yanoş riyaziyyatı sevirdi və həmişə cəhd edirdi ki, onun məntiqini tamamilə mənimsəyə bilsin. Onun yüksək intellekti yalnız riyaziyyatla məhdudlaşmırdı.

Klassik dilləri, o cümlədən yunan dilini öyrənirdi. 10 yaşında olanda onun üçün xüsusi repetitor tutulur, müəllim Yanoşun xüsusi qabiliyyətini inkişaf etdirməyi təklif edir. O, 1911-16-cı illərdə Budapeştdə yerləşən Lüteran gimnaziyasında keçirilən dərslərdə iştirak edir və gimnaziyanın ən yaxşı riyaziyyatçısı seçilir. 

I Dünya müharibəsinin yaratdığı qarışıqlıq Neyman ailəsi üçün çətinlik yaradır. 1919-cu ildə Bela Kumun kommunist rejimi hakimiyyəti ələ alanda banklar zorakılıq yolu ilə qəsb edilir. Bu halda ailənin bir seçimi qalır - Venada olan evlərinə qaçmaq.

Onlar orada 4 ay yaşayırlar. Kumun hakimiyyətdən getməsindən sonra yenidən əvvəlki mənzillərinə qayıdırlar. Bu epizod Yanoşu həyatı boyu antikommunistə çevirir.

C.F.Neyman 1921-ci ildə Budapeşt Universitetinə daxil olmasına baxmayaraq təhsilinin əksər hissəsini Berlin Universitetində alır. O, burada riyaziyyatçı E.Şmidtin və A.Eynşteynin mühazirələrini dinləmək imkanı qazanır. Neyman təhsilini  İsveçrənin Sürix Federal Texnologiya Universitetində davam etdirir və 1925-ci ildə kimyəvi maşınqayırma ixtisasına yiyələnir. 1 il sonra Budapeşt Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır.

1937-30-cu illərdə Berlin Universitetində riyaziyyat fənni üzrə pedaqoji fəaliyyətlə məşğul olur. O, 5 elmi iş nəşr etdirir. Onlardan 3-ü kvant nəzəriyyəsinə əsasən riyazi quruluşu izah edir ki, bu da böyük əhəmiyyətə malik idi. 4-cü elmi işi oyun nəzəriyyəsinin öyrənilməsinə ilk cəhd idi. Sonuncu işi isə formal məntiq sistemlərinin riyaziyyatla əlaqəsini təhlil edirdi.

1929-cu ildə Prinston Universitetində mühazirə demək təklifini alır. Bu da onun yaradıcılığının dönüş nöqtəsi olur. Neyman 1930-cu ildə ABŞ-a gəlir və universitetdə kvant statistikasına dair mühazirə deməyə başlayır. 1 il sonra professor vəzifəsinə təyin olunur. 1933-cü ildə Prinstonda Perspektiv Tədqiqatlar İnstitutunun əsası qoyulanda o, riyaziyyat məktəbində ilk 6 professordan biri olur.

Neyman 1930-cu ildə Marietta Kovedi ilə ailə qurur, onların Marina adlı qızı dünyaya gəlir. 1937-ci ildə isə nikah pozulur. Həmin ildə o, Amerika vətəndaşı olur və Klara Denlə evlənir.
 
 Hazırkı kompyuterlər  C.F.Neymanın təklif etdiyi arxitektura əsasında işləyir
 
C.F.Neymanın yaradıcılığının həlledici məqamı 40-cı illərin əvvəlində Los-Alamosda ilk atom bombasının yaradılması üzərində  işlədiyi vaxta təsadüf edir. Bu işin nəticəsində o, kompyuterlərin yüksək əhəmiyyətini anlaya bilir. Onun kompyuterlərlə ətraflı tanışlığı Qoldstaynın sayəsində reallaşır. Qoldstayn yazır: “Mən Neymana izah etdim ki, kompyuter dəqiqədə 333 vurma əməliyyatı yerinə yetirə bilər. O, məndən təlaşla daha ətraflı məlumat verməyimi xahiş etdi. Bir sözlə, bizim söhbətimiz mülayim yumordan doktorluq dərəcəsi üzrə şifahi imtahan atmosferinə çevrildi”.

 Nəticədə, Qoldstayn  Neymanı Pensilvaniya Universitetində elektron hesablama inteqratoru olan “ENİAC” layihəsinə cəlb edir. 1944-cü il, 7 sentyabr tarixində tamamlanma mərhələsində olan kompyuterlərin yerləşdiyi “Mur” elektron layihə məktəbinə gələn professor “ENİAC” proqramı ilə tanış olur. Lakin ixtiranın müəllifi C.Mauçli Neymanı məşhur riyaziyyatçı hesab etmirdi və belə bir adamın onun işinə maraq göstərməsindən narahat olurdu.

Neyman “ENİAC”-dakı potensialı hiss edərək daha mükəmməl kompyuter xəyal edirdi. O düşünürdü ki, bundan daha yüksək göstəricilərə malik və daha əhəmiyyətli kompyuter hazırlaya bilər. Neyman “ENİAC” və “EDVAC” layihələrinin məsləhətçisi təyin olunur.

O anlayırdı ki, bu layihələrin reallaşdırılması elm üçün çox əhəmiyyətlidir. Mauçli və Ekkertin qrupuna qoşulduqdan sonra 1945-ci ildə Neyman özünün yüksək nüfuzundan istifadə edərək “EDVAC” maşınları barədə hesabat” adlı əsər yazır. Qoldstayn bu hesabatı ABŞ və İngiltərə alimlərinə göndərir. Beləliklə, Neyman ilk kompyuter layihəsinin təşəbbüskarı kimi qəbul edilməyə başlanır. 4000 elektron lampa və 10000 kristal diodları əhatə edən “EDVAC” 1952-ci ildə tamamlanır.

C.F.Neyman tam avtomatlaşdırılmış yüksək sürətə malik rəqəmli elektron hesablama maşınını yaratmağı planlaşdırır. O, bunu kommersiya xarakterli deyil, elmi işlər üçün nəzərdə tuturdu. Perspektivli Tədqiqatlar İnstitutunun şərəfinə adlandırılan “İAS” kompyuterlərinin hazırlanmasına 1946-cı ildə başlanıb və 5 il keçəndən sonra tamamlanıb. Qeyd edək ki, hal-hazırda istehsal olunan kompyuterlər  Neymanın təklif etdiyi arxitektura əsasında işləyir.

Neyman və Qoldstayn 1946-cı ildə “EDVAC”-a görə patent almaq üçün səy göstərir və Pentaqonun hüquq şöbəsinə müraciət edirlər. Lakin onların patent almaq istəyi həyata keçmir və “EDVAC” ümumi mülkiyyət hesab olunur.

1954-cü ilin oktyabr ayında o, Atom Enerjisi üzrə Komissiyanın üzvü seçilir. Onun əsas işi nüvə silahını inkişaf etdirməkdən ibarət olur. Ömrünün son illərində atom enerjisi məsələləri üzrə baş məsləhətçi kimi fəaliyyət göstərir.

Böyük alim 1957-ci il, fevral ayının 7-də sümük xərçəngi xəstəliyindən vəfat edir.
Neyman elm aləminə göstərdiyi əvəzsiz xidmətlərinə görə təkcə Amerikada deyil, dünyanın əksər ölkələrində tanınırdı.

Təsadüfi deyil ki, o, Amerika Fəlsəfə Cəmiyyətinin, Milli Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının üzvü və Amerika Riyaziyyat Cəmiyyətinin prezidenti idi. Bundan əlavə, dünyanın bir neçə akademiyasının müxbir üzvü olub, bir sıra medallarla təltif olunub və “E.Fermi” və “A.Eynşteyn” mükafatına layiq görülüb.
 
Neyman fövqəladə hafizəyə malik bir insan olub.
 
Neyman qeyri-adi yaddaşa sahib olub. O, ən çətin hesablama əməliyyatlarını beynində sürətlə hesablaya bilib. Məşhur bir riyaziyyatçının bütün gecəni kalkulyatordan istifadə edərək həll etdiyi hesablamanı beynində 6 dəqiqəyə həll edib.

Yaxın dostlarından olan Q.Qoldstayn Neyman haqqında xatirələrində qeyd edir ki, o, oxuduğu hər hansı bir kitabdan illər keçsə belə sözbəsöz sitat gətirə bilirdi: “Bir dəfə onu sınamaq məqsədilə Ç.Dikkensin “İki şəhərin hekayəti” əsərinin necə başladığını yadıma salmağımı xahiş etdim. Neyman fasiləsiz olaraq birinci hissəni bəlağətlə söyləməyə başladı, ona dayanmasını bildirənə qədər 10 dəqiqə bu prosesi davam etdirdi”.

Neyman hekayə danışmağı xoşlayıb, məzəli şeirlər isə onun əsas hobbisi olub. O, bütün idman növlərinə nifrət edib. Onu mükəmməl və  dalğın bir professor kimi təsvir edirlər.

O, işgüzar, əməksevər və zəhmətkeş bir alim olub.  Hər hansı işə saatlarla vaxt sərf etsə belə  axıra qədər həll etməmiş işini yarımçıq qoymazmış. Bu da onun uğurlarının əsasını təşkil edirdi.
 
 





30/03/12    Çap et