Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İTİDF ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyəti stimullaşdıracaq
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) yaradılması haqqında sərəncamı ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
Əvvəlcə qeyd edək ki, ölkə başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə sözügedən sərəncamı verib.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamənin layihəsini, eləcə də ölkədə informasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Ölkədə qeyri-neft sektorunun inkişafı və innovasiyalı iqtisadiyyata keçid istiqamətində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan iqtisadçı millət vəkili Vahid Əhmədov deyib ki, sözügedən sərəncam ölkə başçısının bu sahəyə diqqətinin bariz nümunəsidir: «Belə bir fondun yaradılması olduqca müsbət haldır.
Çünki internet, kibernetika kimi sahələrə diqqəti artırmaq lazımdır. Azərbaycanda da bu sahədə son illərdə, xüsusilə də cənab nazir Əli Abbasovun rəhbərliyi ilə ardıcıl işlər görülür və uğurlu nəticələr əldə edilir. Ona görə də informasiya kommunikasiya texnologiyalarına diqqət getdikcə artır. Fondu yaratmaqda da əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər daha da çoxalsın və inkişaf daha da sürətlənsin».
Hazırda informasiya texnologiyalarının bütün dünyada inkişafın əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayan V.Əhmədov hesab edir ki, bu sahəyə vəsait ayırmaq məqsədəuyğundur. Çünki gələcəkdə bu sahə ölkəyə daha çox gəlir gətirə bilər: «Bu fond gələcəkdə innovasiyalı iqtisadiyyatın inkişafını stimullaşdıra bilər. İllər ötdükcə biz informasiya texnologiyalarının ölkə iqtisadiyyatı ilə yanaşı, gündəlik həyatımıza gətirdiyi üstünlüklərin də şahidi oluruq. Bir vaxtlar hansısa uzaq kənddə telefon olanda hamı təəccüblənirdi.
İndi isə Azərbaycanda telefonlaşdırılmamış yaşayış məntəqəsi qalmayıb. Artıq indi internet dövrüdür, ən ucqar kəndlərin internetlə təmin olunması məsələsi həll olunur. Hesab edirəm ki, sözügedən fondun yaradılması sektor üzrə həyata keçirilən işlərin həcmini və keyfiyyətini artıracaq».
Millət vəkilinin qənaətincə, fonddan bölgələrdə İKT-nin inkişafına da maliyyə ayrıla bilər: «Mənim qənaətimcə, bu fonddan vəsaitləri bir neçə istiqamət üzrə ayırmaq olar.
Süni peykimiz gəlir gətirməyə başlayandan sonra ayrılan müvafiq vəsaitləri şaxələndirmək olar. Bundan başqa, bölgələrdə informasiya cəmiyyətinin qurulması üçün də fondun vəsaitlərindən istifadə etmək olar. Elə etmək lazımdır ki, bölgələrdə də hər evdə bir kompyuter olsun. Yəni, ümumiyyətlə, ölkədə informasiya texnologiyaları çox ciddi bir sahə hesab olunur.
Ona görə də bu sahəyə diqqətin və maliyyənin ayrılmasından ölkə yalnız xeyir götürə bilər. Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, informasiya təhlükəsizliyini təmin etmək üçün də uyğun işlər görmək olar. Ölkədə neft kapitalı insan kapitalına keçirilib. Artıq bizim xaricdə 10 minə yaxın tələbəmiz təhsil alır. Bu gün bizim texniki təhsil verən ali təhsil müəssisələri yaratmaq imkanımız var. Beləcə, ölkədə informasiya texnologiyaları üzrə yerli kadr və mütəxəssislər hazırlanar».
İqtisadçı alim, millət vəkili Əli Məsimli isə deyir ki, ölkə başçısının bu sahədə verdiyi fərman, sərəncam, tapşırıq və göstərişlər iki istiqamətdə zəruri işlərin görülməsinə gətirib çıxarıb: «Birincisi, ondan ibarətdir ki, rabitə və informasiya texnologiyaları sahəsində kifayət qədər sanballı proqramlar hazırlanıb. Bu sahəni idarə edən şəxslər kifayət qədər zəruri işlər görüblər.
Əgər nəzərə alsaq ki, biz informasiya cəmiyyətində yaşayırıq və XXI əsr daha çox informasiya əsridir, deməli, bu faktordan Azərbaycanın istifadə etməsi üçün həmin fərman və sərəncamlarda nəzərdə tutulan tədbirlər sistemli şəkildə həyata keçirilsə, çox böyük faydası olar. Təsadüfi deyil ki, son illərdə ilin yekunlarına dair keçirilən müşavirələrdə informasiya kommunikasiya texnologiyaları sahəsində görülən işlərə, əldə edilən nəticələrə daha çox yer verilir. Çünki «neftdən sonra nə» sualına cavab verəndə əgər 3 ciddi imkanımız varsa, bunun biri də informasiya texnologiyaları vasitəsi ilə işləri görməkdir».
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılmasının ölkəyə çox böyük xeyir verəcəyini önə çəkən Ə.Məsimli deyib ki, fondun vəsaitlərindən istifadə etməklə bu sahənin daha da inkişafına və böyük naliyyətlərin əldə edilməsinə nail olmaq olar. İkinci istiqamət isə bilavasitə Azərbaycanın özünün geopolitik vəziyyətdən istifadə edib informasiya kommunikasiya texnologiyalarından yaxşı pul qazanmaq imkanıdır. Üçüncüsü isə hesab edirəm ki, “Elektron hökumət” üzrə ardıcıl işlər görmək mümkündür. Bu siyahını genişləndirmək də olar.
Məsələn, regionların inkişafının sürətləndirilməsində informasiya kommunikasiya texnologiyalarının rolundan geniş istifadə etmək, yerli özünüidarədə bunun geniş tətbiqinə nail olmaq olar. Hazırda bütün dünyada bu sahədə insan kapitalına böyük önəm verilir. Ona görə də düşünürəm ki, informasiya texnologiyalarından insan kapitalının inkişafında, təhsilə, səhiyyəyə və digər sahələrə tətbiqdə kifayət qədər nəticə əldə etmək olar.
İqtisadiyyatın daha da inkişaf etdirilməsində, neft gəlirlərinə bərabər yeni gəlir mənbələrinin əldə edilməsində bu sahənin inkişaf etdirilməsi çox zəruridir. Ona görə də proqramlarda nəzərdə tutulan tədbirləri sistemli şəkildə həyata keçirmək lazımdır. Bu fond da görüləcək işlərin maliyyə təminatını reallaşdıra bilər».
Seymur QASIMBƏYLİ
30/03/12 Çap et