Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Samsung Smart TV”-nin təqdimatı olub
Təqdimatı “Samsung Electronics” şirkəti təşkil edib. Şirkətin Bakı ofisinin rəhbəri Cey Hi Çan bildirib ki, “Samsung Electronics” bu və ya digər məhsulu yaradarkən həmişə milyonlarla istehlakçının rahatlığı barədə düşünür. “Smart TV”-nin tarixindən danışan C.H.Çan deyib ki, bu ilin martında yeni “Smart Hub” inteqrasiya servisi əsasında təkmilləşdirilmiş “smart”-televizorlar təqdim olunub. İnnovasiya həlli özündə yeni interaktiv imkanlarla birlikdə “İnternet@TV”-nin bütün üstünlüklərini birləşdirir. “Smart”, “Hub” “Samsung Apps”, internet-brauzer, “Seasrch All”, “Social TV”, “Allshare” kimi çoxsaylı unikal imkanları əhatə edir. “İnanırıq ki, son illər yüksək iqtisadi inkişaf sürəti nümayiş etdirmiş Azərbaycanda bu televizorlar rəğbətlə qarşılanacaq və satış həcmi digər ölkələrin göstəricilərindən geri qalmayacaq”- deyə Çan qeyd edib. “Samsung Electronics” şirkətinin MDB ölkələri üzrə audio-video bölməsinin nümayəndəsi Dmitri Novikov “smart”-televizorların texniki göstəricilərindən və funksiyalarından ətraflı söz açaraq bildirib ki, bu il “Smart TV” modelləri üçün yenilik böyük ekranla işə uyğunlaşdırılmış internet-brauzer olub. İntuitiv interfeys internet-saytlarda sərbəst dolaşmağa, videohostinqlərdə videolar izləməyə, veb-hərraclardan mal almağa və audioservislərdə musiqi dinləməyə imkan verəcək. Yeni televizor televerilişlərin və filmlərin nümayişinə ara vermədən “Twitter”, “Facebook” və “Google Talk”da yazışmağa imkan verir. Əlavə veb-kamera almaqla, böyük ekranda “Skype”la əlaqə yaratmaq mümkündür.
06/07/11 Çap et